Həsən bəy Zərdabi dövrünün görkəmli ziyalısı, alim, pedaqoq, publisist və böyük vətənpərvəri idi. O, yaxşı anlayırdı ki, xalqın tərəqqisinin əsas yolu elm, təhsil və maarifdən keçir. Məhz buna görə də bütün çətinliklərə baxmayaraq, ana dilində qəzet nəşr etmək kimi cəsarətli bir addım atdı. “Əkinçi” yalnız xəbər yayan mətbuat orqanı deyildi; o, xalqı cəhalətə, xurafata və savadsızlığa qarşı mübarizəyə səsləyən bir maarif məktəbi idi.
Qəzetin səhifələrində kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, ədəbiyyat, qadınların maariflənməsi, milli birlik və ictimai problemlər barədə yazılar dərc olunurdu. Zərdabi hesab edirdi ki, qəzet cəmiyyətin aynası olmalı, insanların qarşısında duran problemləri olduğu kimi göstərərək onları inkişaf yoluna istiqamətləndirməlidir.
Həsən bəy Zərdabinin ətrafında Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və dövrün digər qabaqcıl ziyalıları birləşmişdi. Onların yazıları milli düşüncənin formalaşmasına, realist ədəbiyyatın inkişafına və xalqın maariflənməsinə mühüm töhfələr verdi. Sonralar “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz”, “Azərbaycan” və digər nəşrlər məhz “Əkinçi”nin açdığı yolu davam etdirdilər.
Əli bəy Hüseynzadənin dediyi kimi, “İslam aləmi qaranlıq içində olduğu bir zamanda Həsən bəy Zərdabi əlində məşəl tutaraq bu qaranlığı işıqlandırmağa çalışdı.” Bu fikir Zərdabinin tarixi missiyasını ən dolğun şəkildə ifadə edir.
Həsən bəy Zərdabi Zərdabda anadan olmuş, Şamaxı və Tiflisdə təhsil almış, daha sonra Moskva Universitetinin Fizika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirmişdir. Ona universitetdə qalmaq təklif olunsa da, o, xalqına xidmət etməyi üstün tutaraq Vətənə qayıtmışdır. Müəllimlik etmiş, ilk xeyriyyə cəmiyyətinin yaradılmasına təşəbbüs göstərmiş, Azərbaycan Milli Teatrının əsasının qoyulmasında mühüm rol oynamışdır.
1877-ci ildə “Əkinçi” çar hakimiyyəti tərəfindən bağlansa da, onun ideyaları yaşayaraq sonrakı dövrdə milli mətbuatın inkişafına güclü təsir göstərdi. Zərdabinin irəli sürdüyü maarifçilik prinsipləri bu gün də öz aktuallığını qoruyur.
Müstəqil Azərbaycanda milli mətbuat yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Müasir media yalnız ölkə daxilində deyil, beynəlxalq informasiya məkanında da Azərbaycanın mövqeyini müdafiə edən mühüm qüvvəyə çevrilib. Rəqəmsal texnologiyalar, sosial media, süni intellekt və yeni kommunikasiya vasitələri jurnalistikanın fəaliyyət istiqamətlərini genişləndirir, eyni zamanda dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması kimi yeni vəzifələr ortaya qoyur.
Xüsusilə Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan mediası informasiya cəbhəsində peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin xarici media orqanlarına verdiyi müsahibələr və qətiyyətli mövqeyi jurnalistlər üçün mühüm istiqamət oldu və informasiya mübarizəsində onların fəaliyyətinə əlavə stimul verdi.
Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifə milli maraqları qorumaq, cəmiyyətə operativ və obyektiv informasiya təqdim etmək, peşə etikası prinsiplərinə sadiq qalmaq və yeni texnologiyaların imkanlarından səmərəli istifadə etməkdir.
Milli mətbuatımızın əsası 151 il əvvəl Həsən bəy Zərdabinin yandırdığı maarif məşəli ilə qoyulub. Bu məşəl bu gün də sönmədən yolumuza işıq salır. Azərbaycan jurnalistikası keçdiyi şərəfli yol, qazandığı zəngin ənənələr və müasir inkişaf tempi ilə ölkəmizin tərəqqisinə xidmət etməyə davam edir.
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları, peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!
Elçin Hüseynov, tarixçi-araşdırmaçı
👁 15 baxış
