Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı deyib ki, Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.
Gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik. Hesab edirik ki, biz Slovakiya ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də diqqətdən kənarda qoymamalıyıq. Çünki bunun çox böyük potensialı vardır.
Perspektivli əməkdaşlıq sahəsndəi əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq.
Hazırda bizim ümumi qaz ixracımızın yarıdan çoxu Avropa ölkələrinə nəql edilir. Dost ölkə Slovakiya da Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur. Ölkələrimiz arasındakı hərbi və müdafiə əməkdaşlığı da diqqətəlayiqdir. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin açılmasına işarədir.
Qeyd edək ki, Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq Milan Rastislav Ştefanik adına 840 şagird yerlik tam orta məktəbi isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur. Beləliklə, Slovakiyanın irsi uzun müddət burada, Qarabağda olacaq və həmin məktəbə gedəcək bütün uşaqların, valideynlərin və müəllimlərin Slovakiyaya bağlılığı olacaq.
Səyyad Bağırov,
Vətən Müharibəsi Qəhrəmanı şəhid Rəşad Abdullayev adına
Cəlilabad şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
👁 6 baxış
