İcra başçısı çiyələk və taxıl əkin sahələrinə baş çəkdi – FOTOLAR

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda çiyələk və taxıl əkin sahələrinə, həmçinin soyuducu anbarlara baxış keçirərək mövcud vəziyyətlə tanış olub.

Mecra.az xəbər verir ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası Cəlilabad rayonunda uğurla təmin edilir.

Rayon üzrə aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi, istehsalçıların qarşılaşdıqları məsələlərin operativ araşdırılması və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə fermerlərlə mütəmadi görüşlər keçirilir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonun aqrar potensialının daha da artırılması, kənd təsərrüfatı istehsalının inkişafı və sahibkarlarla birbaşa əlaqələrin gücləndirilməsi istiqamətində təsərrüfatlara növbəti baxış keçirib.

Baxış zamanı təsərrüfat sahibləri ilə görüşən rayon rəhbəri məhsuldarlıq, yığım prosesinin gedişi, məhsulların saxlanılması, satış imkanları ilə maraqlanıb, fermer və sahibkarların təkliflərini dinləyib.
Rayon rəhbəri bildirib ki, ölkəmizdə aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının davamlı inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, sahibkarlığın dəstəklənməsi və müasir istehsal infrastrukturunun formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Cəlilabad rayonunda da mühüm nəticələr verir.
Görüş zamanı fermerlər dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstəyin istehsalın genişləndirilməsi və məhsuldarlığın artırılmasında mühüm rol oynadığını bildiriblər. Rayon rəhbərliyi tərəfindən fermer və sahibkarlarla keçirilən mütəmadi görüşlərin onların fəaliyyətində qarşıya çıxan problemlərin yerində araşdırılması, təkliflərin dinlənilməsi və operativ həlli baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Eyni zamanda göstərilən diqqət və dəstəyə görə cənab Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, cari ilin məhsulu üçün rayonda ümumilikdə 67001 hektar sahədə taxıl əkini aparılıb ki, bunun da 16307 hektarını arpa, 50694 hektarını isə buğda bitkisi təşkil edir. Artıq 55863 hektar sahədə məhsul biçini yekunlaşıb. Bugünədək sahələrdən 236595 ton taxıl məhsulu toplanmışdır ki, nəticədə məhsuldarlıq hər hektardan 42.3 sentner olmuşdur. Rayon ərazisində əkilən 3345 hektar kartof sahəsindən 106330 ton və 940 hektar çiyələk sahəsindən 32980 ton məhsul əldə edilmişdir.

👁 41 baxış