Fatiməyə iki ay işgəncə verilib – Dəhşətli TƏFƏRRÜAT ortaya çıxdı

Gürcüstanda Azərbaycan vətəndaşı olan 21 yaşlı Fatimə Kərimovanın qətli ilə bağlı yeni və dəhşətli təfərrüatlar ortaya çıxıb.

Mecra.az xəbər verir ki, yayılan məlumata görə, gənc qızı xalası oğlu qətlə yetirib. Bildirilir ki, o, Fatiməni təxminən iki həftə kirayə mənzildə saxlayaraq amansızcasına döyüb, daha sonra isə boğaraq öldürüb.

İddialara əsasən, Fatimə Kərimova sevgilisi ilə birlikdə Tbilisiyə gəlib. Lakin maddi çətinlik yarandıqdan sonra sevgilisi əvvəlcə onun telefonunu lombarda qoyub, daha sonra gənc qızı küçədə tək qoyaraq Azərbaycana qayıdıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, çətin vəziyyətdə qalan Fatiməyə əvvəlcə Gürcüstan vətəndaşı olan bir qadın sığınacaq verib. Daha sonra qohumu – xalası oğlu onunla əlaqə saxlayaraq mənzil kirayələyəcəyini bildirib. Ancaq sonradan məlum olub ki, onun məqsədi kömək etmək deyil, cinayət törətmək imiş.

Qətlə yetirilən gəncin yaxınları sosial şəbəkələrdə bildiriblər ki, Fatimə valideynlərini itirmişdi və ailədən yalnız 19 yaşlı bacısı sağ qalıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Gürcüstanda məişət zorakılığı qurbanlarına hüquqi yardım göstərən “Sapari” təşkilatının rəhbəri Baia Pataraia yayıb. Onun sözlərinə görə, bir neçə gün əvvəl rusiyalı influenser ondan bu faciəni araşdıraraq ictimaiyyətin diqqətinə çatdırmağı xahiş edib.

Pataraia bildirib ki, Fatimə sevgilisinin “Gürcüstanda birlikdə yaşayacağıq və işləyəcəyik” vədinə inanaraq bu ölkəyə gəlib. Lakin vəd edilən iş olmayıb. Maddi sıxıntı yaranandan sonra sevgilisi onu döyüb, telefonunu lombarda qoyub və küçədə tək buraxaraq Azərbaycana qayıdıb.

Məlumata görə, daha sonra erməni qadın gənc qıza sığınacaq verib və onun qohumları ilə əlaqə saxlamasına kömək edib. Bir müddət sonra qohumlarından biri Gürcüstana gələrək onu kirayə mənzilə yerləşdirib. Bir neçə gün sonra isə Fatimə ilə əlaqə kəsilib.

Azərbaycanda yaşayan bacısı iki gün ərzində onunla əlaqə saxlaya bilmədikdən sonra həmin qadından mənzilə baş çəkməsini xahiş edib. Qapını açan olmayınca polis çağırılıb. Hüquq-mühafizə orqanları qapını sındıraraq mənzilə daxil olub və Fatimə Kərimovanın meyitini aşkar ediblər.

Pataraianın sözlərinə görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisədən sonra Türkiyəyə qaçıb və onun barəsində axtarış elan olunub.

Qeyd edək ki, Gürcüstan hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqı davam etdirir. (Musavat.com).

👁 32 baxış