Cəlilabad sakini 50 yaşında məzun oldu

Cəlilabad rayon sakini Akşin Şəbiyev 50 yaşında peşə təhsili alaraq məzun olub.

Mecra.az xəbər verir ki, uzun illər dərziliklə məşğul olmasına baxmayaraq, bu sahə üzrə rəsmi peşə təhsilinə malik olmayan Akşin Şəbiyev bir neçə il əvvəl Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin dərzi ixtisasına qəbul olunub.

Onun təhsil aldığı qrupdakı tələbələrin əksəriyyəti özündən təxminən 30 yaş və daha gənc olsalar da, bu, Akşin Şəbiyevi məqsədindən çəkindirməyib. O, gənc oğlan və qızlarla birlikdə təhsil alaraq peşə təhsilini uğurla başa vurub. Bu gün keçirilən tədbirdə Akşin Şəbiyev dərzi ixtisası üzrə məzunlar sırasında yer alıb. Akşin Şəbiyev bildirib ki, bundan sonra həm dərzilik fəaliyyəti ilə məşğul olacaq, həm də müəllim kimi fəaliyyət göstərərək bu sahədə qazandığı bilik və bacarıqları gənclərə ötürmək istəyir.

Onun həyat yolu bir daha sübut edir ki, təhsil almaq və peşəkar biliklərini inkişaf etdirmək üçün yaş məhdudiyyəti yoxdur. (Cəlilabad xəbərləri).

 

 

👁 64 baxış