“Bir uşağın kitab sevdasına görə 3 günlük əziyyətə dəyərmiş…”

Cəlilabad Kitab Sərgisinin bəlkə də ən yaddaqalan və ən mənalı simvolu məhz bu fikir oldu.

Aylarla davam edən görüşlər, müzakirələr və planlamalardan sonra qərar verildi ki, kitab Cəlilabada gəlsin, oxucu ilə görüşsün, insanlara özünü sevdirməyə çalışsın. İlk olaraq sərginin aprel ayında keçirilməsi nəzərdə tutulsa da, tarixlər 5–6–7 iyun olaraq müəyyənləşdirildi.

Nəhayət, gözlənilən gün gəlib çatdı.

Stendlər quruldu, hazırlıqlar tamamlandı. Lakin gecə boyunca yağan yağış sanki komandanın həvəsini qırmaq istəyirdi. Səhər açıldı, amma yağış hələ də davam edirdi. Təşkilat komitəsi toplaşmışdı. Açılışın vaxtını dəyişmək, tədbiri təxirə salmaq barədə qərar vermək lazım idi.

Amma qərar dəyişmədi.

Açılış saat 10:00-da olacaqdı.

Saat 09:45-də isə möcüzə baş verdi. Günəş buludların arasından boylandı və sanki oxucuların üzünə təbəssüm bəxş etdi. Elə bil deyirdi:

“Kitabı sevmək də, oxumaq da səbir və iradə tələb edir. Yağışa, küləyə, istiyə, çətinliyə baxmadan yoluna davam et…”

Saat 10:00-da möhtəşəm açılış baş tutdu.

Cəlilabad tarixində ilk dəfə bu miqyasda kitab tədbiri keçirilirdi. Əslində buna sadəcə sərgi demək az olardı. Bu, bir kitab festivalı idi. Səhnədə şairlər çıxış edir, yazarlar oxucularla görüşür, məktəblilər öz bacarıqlarını nümayiş etdirir, insanlar kitab ətrafında bir araya gəlirdilər.

Hər kəsin bir məqsədi var idi: kitabı sevdirmək.

İnsanlar bir-birinə kitab hədiyyə edir, müəlliflərlə şəkil çəkdirir, imzalar alır, mütaliə haqqında söhbətlər edirdilər.

Bu üç gün ərzində yağış, günəş və külək sanki bir-biri ilə yarışırdı. Yağış “dayandıraram” deyirdi, günəş “davam edin” söyləyirdi, külək isə kənardan “mən də buradayam” mesajını verirdi.

Amma həm təşkilatçılar, həm nəşriyyatlar, həm yazarlar, həm də oxucular böyük əzmlə yollarına davam etdilər.

Və sərginin üçüncü günü…

Artıq stendlər yığışdırılırdı. Tədbir yekunlaşmaq üzrə idi.

Elə bu vaxt bir uşaq son stenddə qalan müəllimlərdən birinə yaxınlaşdı. Gözləri dolmuş halda dedi:

— Mən gecikdim… Yazardan imza almaq istəyirdim. Nəşriyyatları görmək istəyirdim. Çata bilmədim…

Sonra isə oturub ağladı.

Bəlkə də həmin günün, hətta bütün sərginin ən təsirli anı məhz bu idi.

O uşağın göz yaşları bizə çox böyük və müqəddəs bir mesaj verdi:

Əgər bir uşağın qəlbində kitaba qarşı belə sevgi yarada bilmişiksə, deməli bütün zəhmətlərə, bütün yorğunluqlara, bütün çətinliklərə dəyib.

Bəli…

Bir uşağın kitab sevdasına görə üç günlük əziyyətə dəyərmiş.

Bu möhtəşəm işdə əməyi olan hər kəsə — təşkilatçılara, nəşriyyatlara, yazarlara, könüllülərə, müəllimlərə, tərəfdaş qurumlara və ən əsası oxuculara sonsuz təşəkkür edirəm.

Çünki kitabın yolunu işıqlandıran insanlar əslində gələcəyin yolunu işıqlandırırlar.

Ramil Əmənov, Cəlilabad Peşə Təhsil Mərkəzinin direktoru

👁 87 baxış