Bu yerlərdən el köçüb – Xəlil Mirzənin şeirləri

  Mecra.az şair Xəlil Mirzənin şeirlərini təqdim edir:    

UĞUR SƏHƏRİ

Nə gözəl səhərdir, nə nurlu səhər,

Bütün səhərlərdən uğurlu səhər!

 

Təbiət kükrədi, coşdu dəmbə-dəm,

Səbr kasasından daşdı dəmbə-dəm,

Güclü olduğunu sübut elədi-

Bu səhər ismətli, qürurlu səhər!

 

Üçrəngli bayrağım yağışdan çıxıb,

Günəş şöləsində necə bərq vurur!

Hərbi mundirlərdə sədəf düzümlü,

Əsgərlər fərəhlə nəğmə oxuyur!

 

Gedir igid əsgər cərgə önündə,

Necə yaraşıqdır səhərə bu gün!

Əzəmət dalğalı bayraq əlində-

Təbiət güc gəlib qəhərə bu gün!

 

Nə gözəl səhərdir- bu öz səhərim,

Bütün səhərlədən bəyaz səhərim!

Hər şey öz rəngində, öz biçimində,

Duyğuları aydın söz içimin də.

 

Qələbə müjdəli bir səhər gəlib,

Bax, həyat dünyaya bu səhər gəlib!

Qəlbimdən gələn səs haqqın səsidir,

Bu səhər qeyrətin təntənəsidir!

 

Haydı, igidlərim, haydı, irəli!

Bu gün ədalətin zəfər dəmidir!

Bu səhər Tanrının şəfqət, nur əli,

Bu səhər könlümün söz həmdəmidir!

 

Mənə də bir əsgər libası verin,

Mən də cərgənizdə yerimi tutum!

Şeirimə məğrurluq avazı verim,

Zəfər müjdəsilə murada yetim!

16.10.2020.

 

 

 

 

   Bağışlayın məni.

 

Şəhid atası, şəhid anası,

bağışlayın məni,

oğlunuzu əvəz edə bilmirəm.

 

Şəhid qardaşı, şəhid bacısı,

şəhid xatunu, şəhid balası,

bağışlayın məni,

doğmanızı əvəz edə bilmirəm.

 

Məzarına gül qoyuram,

ağlayıram, sızlayıram…

bağışlayın məni,

ağrınızı əvəz edə bilmirəm.

 

27.09.25.

 

 

 

 

Hamı payızdan yazır

 

Hamı payızdan yazır.

Yaşı yarı olan da,

Başı qarlı olan da,

Ömrün gülşən çağında

Qəlbi qorlu olan da.

 

Hamı payızdan yazır.

Hamı giley-güzarlı,

Hamı dərdli, azarlı,

Hamı yorğun, könülsüz,

Güzərandan bezarlı…

 

Hamı payızdan yazır.

Payızın kələyindən,

Çovgunu, küləyindən…

Payız özü də bezib

Öz payız taleyindən.

 

25.09.25.

Günəş niyə üşüyür?

 

Günəş niyə üşüyür?

Nədən üşüyür, nədən?

Rəngi çox avaziyib,

Damar-damar buludlar

Yollarına sədd çəkib-

Böyüyüb, ənginləşib.

Səma da ölgünləşib…

 

Günəş niyə üşüyür?

Onundamı payızı

Vaxtından əvvəl gəlb?

Onun da solub yazı,

Onun da qismətinə

Vədəsiz xəzəl gəlib?

 

Ayağımız altında

Xışıldayan yarpaqlar

Onun bəxtindən düşüb?

Çarəsiz dərdlərini

Gözü nəmli torpağa

Pıçıldayan yarpaqlar

Günəşin ən kədərli,

Qürub vaxtından düşüb?

 

Günəş niyə üşüyür?

Hələ qış qabaqdadır,

Ruhu donduran, boğan

Qar, yağış qabaqdadır.

Pöhrəli arzuları

Hələ sazaq kəsməyib,

Hələ ümid çırpınır,

Taleyindən küsməyib.

 

Günəş niyə üşüyür?

Nədən üşüyür, nədən?

Bəlkə içimizdəki

Süstkün biganəlikdən,

Bəlkə qəlbimizdəki

Xofdan, bəhanəlikdən?!

Bəlkə onu donduran

Şaxta içimizdədir?!

Saxta əməlimizdə,

Saxta işimizdədir?!

Taleyinə tuşlanan

Ox da içimizdədir?!

Bəlkə bizik səbəkar,

Bəlkə günah bizdədir?!..

 

Günəş niyə üşüyür?

Nədən üşüyür, nədən?..

23.09.25.

 

Bal kimi yuxu

 

Bu gecə bal kimi bir yuxu gördüm,

Gördüm, dünyamızın xoşbəxt anıdır.

Hər yan laləzardır, güldür, çiçəkdir,

Dünya bayram edir sülh məramını.

 

Səma necə aydın, necə təmizdir,

Nə qara bulud var, nə qara duman.

Günəş həyat rəngli, ay ağ bənizli,

Xınalı, xonçalı, nurlu asiman…

 

Nə dava-dalaş var, nə müharibə,

Insanlar necə də bəxtəvərdirlər.

Xarüqə yaradır onlar, xarüqə,

Ağrıdan, acıdan bixəbərdirlər.

 

Necə sevinclidir çiçək balalar,

Çalıb oxuyurlar, rəqs eləyirlər.

Bal kimi şipşiprin, göyçək balalar

Səadət tacıyla bəhs eləyirlər…

 

Nə şirin yuxuydu, nə dadlı yuxu,

Ayılmaq olmurdu təntənəsindən.

Nəcib arzularla muradlı yuxu-

Mayası yoğrulmuş sülh mərəsindən.

 

Bal kimi yuxuydu, bal kim şirin,

Neynim, tilsimindən çıxa bilmirəm.

Bəlkə, həqiqətmiş bu gördüklərim,

Dönərmi gerçəyə yuxu, bilmirəm…

 

Yuxumu buz kimi suya danışdım,

Su qaynar çeşmətək riqqətə gəldi,

Mən də hərarətdən yandım, alışdım,

Gördüm, yatanlar da diqqətə gəldi…

20.09.25.

Yenə yağış yağır.

 

Bu yağışın dərdi nə çox,

Eələ yağır, yağır, yağır.

Gözü yağışlı bir ana

bu yağışa nə söyləyir,

yağışa nə pıçıldayır?!

Nələr keçir ürəyindən?!

 

Hələ də əsgər oğluna

corab, əlcək, şərf toxuyur,

Qoşalaşıb bu yağışla

oğluna nəğmə oxuyur.

Yağışla sağır dərdini,

damla-damla sıxır, sıxır…

Qəhərlə dəmli nəğməni

külək qovur, yağış boğur…

 

Xəyalında ana yenə

Oğluna plov dəmləyir,

Saçlarını sığallaylr,

Üst-başını düzəmləyir.

Bu yağışla dərd bişirir,

həsrətinə köz qalayır.

Son təsəlli, son məkuba

elə baxır, baxır, baxır…

Onun hərbi mundirini

sinəsinə sıxır, sıxır…

 

Yağış yağır dayanmadan,

Elə yağır, yağır, yağır…

Nəmli-nəmli, qəmli-qəmli,

fağır-fağır…

12.09.25.

 

Necə aydın gecədir.

 

Necə aydın gecədir, qayəsi ağ, sürməsi ağ,

Çalmalı buludların göydə xalı sərməsi ağ.

 

Necə coşğun, necə vurğun, necə meyxoş gecədir,

Ayın on dörd yaşında eşqimə göz vurması ağ.

 

Nur səpir sevgilərə, gözləri süd rəng gecədir,

Bu məlahət gecənin durması ağ, görməsi ağ.

 

Çöhrəsi ağ xalatıyla necə həmrəgdir, əcəb,

Bu gecə özəl nağıldır, cümləsi, qurması ağ.

 

Xəlilə qiptə edənlər, yatmağın vaxtı deyil,

Gecə yüyrək gecədir, zövqlərə eşq verməsi ağ.

 

12.09.25.

Səndən düşdü

 

O günəşli yaz havası

Ömrümə sənlə gəlmişdi.

O çılğın dəniz havası

Ömrümü sənlə bölmüşdü.

 

Nəğmə-nəğmə saz havası,

Təb coşduran söz havası,

Bəxtimin bəyaz havası

Çarəmə sənlə gəlmişdi.

 

Ayrılığın boz havası,

Ruhumun payız havası,

Şeirimin buz havası

Səndən qopdu, səndən düşdü.

 

09.09.25.

 

Dünya hələ dağılmır ki…

 

Bu dünyanın dərdlərinə tab gətirib, dözmək olar,

Ürəklərə nur çiləyib, dağılanı düzmək olar.

Cəhənnəmin cənnət edib, diyar-diyar gəzmək olar,

Dünya hələ dağılmır ki!

 

Zalım varsa, ölüm varsa, sevgi də var, həyat da var,

Bir yanda od püsgürərkən, bağ-bağatlı həyət də var.

Xilaskarı özümüzük, cənnət də bu həyatda var,

Dünya hələ dağılmır ki!

 

Dünya yarandığı andan ağrı görüb, qada görüb,

Zəlzələni, vəlvələni Adəm də, Həvva da görüb.

İnsan oğlu nə görübsə, bu qoca dünyada görüb.

Dünya hələ dağılmır ki!

 

Bu dünyanı hamılıqla qarğıyırıq, qınayırıq,

Yaraların sarımırıq, daş üstə daş qoymayırıq,

Bircə şeyi dərk etmirik, anlamırıq, duymayırıq:

Dünya hələ dağılmır ki!

 

Bu dünyanı Ana bilib, ağ günlərə çıxmaq gərək,

Bu dünyanın dərdlərinə sevgi odu yaxmaq gərək.

Bu dünyanın taleyinə İnsan kimi baxmaq gərək,

Dünya hələ dağılmır ki!

Elə belə dağılır ki!..

06.09.25.

 

 

Bu yerlərdən el köçüb

 

Bu dağın ətəyindən

qoyunu, quzusuyla,

döləti, ruzusuyla

dağın sığalı keçib.

Tarixinin sirdaşı,

malı, mahalı keçib.

Qabaqda da dələduz,

arsız, saqqallı keçi.

 

O ağacın budağın,

bu ağacın yarpağın

əyib, qoparıb, keçib.

Bələdçilik o edib,

yolu, irzi o seçib.

 

Sağda, solda çobanlar,

arxada xallı köpək,

yorulub axsayanlar,

inəklər, ev quşları,

yük dolu arabalar,

qoca, uşaq, qadınlar-

Elə bu yolla keçib.

 

Bu yollardan el keçib,

bu yerlərdən el köçüb,

elat köçüb, el köçüb,

təzə yurda, obaya-

o da ola, olmaya.

Bu yurddan, bu obadan

bir iz qala, qalmaya…

 

06.09.25.

 

👁 baxış