Sənin alın yazındı bu Vətən… (Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının həyatı və yaradıcılığı haqqında elmi-ədəbi və publisistik məqalələr toplusu) / Hazırlayanı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu; Elmi redaktorlar: F.ü.f.d., dosent Aynur Xəlilova və f.ü.f.d., dosent Altay Məmmədli. –Bakı, Zərdabi nəşr, 2025. -496 s. Ədəbiyyata şeirlə gəlib, bu yolu tədqiqatçı kimi keçən Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı yaradıcılığı çoxsahəliliyi ilə fərqlənir. İndi onun ədəbiyyat adamı kimi dayandığı zirvənin iki adı var – şeirin Orxan Paşa, elmin Məhərrəm Qasımlı ucalığı! Şair Orxan Paşanın şeir dünyası alim Məhərrəm Qasımlının elmi araşdırmalarını daha yaxşı başa düşməyə, əslində bütövlükdə böyük bir söz adamını bütün varlığı ilə dərk etməyə imkan verir. Kimdir şair Orxan Paşa? Səksəninci illərdə şeirləri ilə ədəbiyyatımızın yenilik axtarışında olan nümayəndəsidir. Mən onu Bakı Dövlət Universitetinin qəzetində işıq üzü görən yazılarından tanıyıram. Sonralar şeirləri Respublika Radiosunun “Tələbəlik illəri” verilişində səsləndirildi. O, tələbəlik illərində təkcə şeir deyil, elmi məqalələr də yazırdı. Onun elmi fəaliyyəti ədəbi fəaliyyətini tamamlayır. Saz və söz sənətinin vurğunu olan Orxan Paşa şeirlərində də, elmi yazılarında da bu sənəti tərənnüm edir. bəlkə də buna görə aşıq şeiri üslubundan ayrıla bilmir, yazdığını da, düzdüyünü də bu sənətə bağlayır: Koroğlular yadigarı, A simləri şimşək sazım. Ər oğullar vəfadarı, Əyilməyən bilək sazım. Umud verib umudlanan, Eldən ayrı buludlanan. Dədələşən, Qorqudlanan Ruhumuza dirək sazım. “Sazın səsi Haqq səsidi” şeirində də oxşar poetik yaşantıların şahidi oluruq: Nəfəsimi yaxşı tanı, Eşitdiyin dağ səsidi. Havasından könül doymaz, Saf suların ağ səsidi. Mərd görəndə mehir bağlar, Dərd görəndə ayaq saxlar. Koroğlunu oyaq saxlar, Ər səsi, qoçaq səsidi. …Orxan Paşam burdan gəlir, Xeyirdən-uğurdan gəlir. Nur içində nurdan gəlir, Sazın səsi Haqq səsidi. Sonuncu bəndin ilk misrasına diqqət çəkmək istəyirəm: Orxan Paşam burdan gəlir! Bəli, şairlik istəyi, sözə vurğunluq aşıq sənətinə olan sevgidən doğur, şeirə dönür, sonra da elmi fəaliyyətə təkan verir. Onun şair və alim kimi ədəbi kredosu da heyrətamizdir: “Əsl ziyalılıq odur ki, sən dərbəndli olmadan tutduğun əməllər, hərəkət və davranışlarını görən Dərbənd camaatı elə bilsin sən də Dərbəndlisən , lənkəranlı səni Lənkərandan, gəncəli səni Gəncədən, naxçıvanlı səni Naxçıvandan, qarabağlı Qarabağdan, təbrizli Təbrizdən, urmiyalı Urmiyadan, zəncanlı Zəncandan, borçalı Borçalıdan, göyçəli Göyçədən, şirvanlı Şirvandan bilsin”. Kimdir alim Məhərrəm Qasımlı? O, ədəbiyyatımızın, o cümlədən folklorumuzun, daha çox da Azərbaycan aşıq yaradıcılığının tədqiqatçısı kimi tanınır. Elmi fəaliyyətinə görə Dövlət Mükafatı laureatı adını qazanıb, “Şöhrət” ordeninə layiq görülüb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı haqqında çoxsaylı məqalələr çap olunub, şair dostları ona şeirlər həsr ediblər. Bu yaxınlarda işıq üzü görmüş “Sənin alın yazındı bu Vətən…” kitabında (Bakı, Zərdabi nəşr, 2025, 496 s.) Məhərrəm Qasımlının ədəbi və elmi fəaliyyəti ilə bağlı yazılar yer almışdır. Kitabı nəşrə hazırlayan Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Bu dəyərli toplunun elmi redaktorları filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilova və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir. Kitabda Məhərrəm Qasımlının ömür yolundan söhbət açılır, həyatındakı mühüm məqamların xronologiyası verilir, nəşr olunan kitablarının və nəşrə hazırladığı kitabların biblioqrafiyası təqdim olunur. Bunun ardınca görkəmli elm və sənət adamlarının Məhərrəm Qasımlı haqqında fikirləri təqdim olunur. “Sənin alın yazındı Vətən…” memuarativ-biblioqrafik toplusu tərtibat prinsipinə görə də maraqlıdır. Oxucunun kitabı açıb ardıcıllıqla tanış olduğu başlıqlara, paraqraflara və yarımfəsillərə fikir verək: Ömür yolu. 1958-ci il avqustun 5-də Tovuzun Alakol kəndində anadan olan Məhərrəm Paşa oğlu Qasımlının ömür yolunu ADU-da (indiki BDU-da) filoloji təhsil alması, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutun aspiranturasında oxuması, 1987-ci ildə fəlsəfə doktorluğu, 1997-ci ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etməsi zinətləndirir. Sonra o, elmi fəaliyyətini Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlamış, burada şöbə müdiri, direktor müavini vəzifələrində çalışmış, eyni zamanda müxtəlif ali təhsil müəssisələrində dərs demişdır. 2004-cü ildə “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurnalını təsis etmişdir. 2016-cı ildə Azərbaycan Aşıqlar Birliyinin sədri təyin olunmuşdur. 2017-ci ildən isə “Ozan” elm və sənət toplusunun baş redaktorudur. Əsərləri bir neçə xarici ölkədə çap olunmuşdur. Elmi fəaliyyətinə görə müxtəlif mükafatlar almış və fəxri adlara layiq görülmüşdür. İlk qələm təcrübələri Tovuzda çıxan “Həqiqət” qəzetində işıq üzü görən şair 2004-cü ildən şeirlərini “Orxan Paşa” imzası ilə çap etdirir. Həyatındakı mühüm məqamlar. Bu bölmədə Məhərrəm Qasımlının doğum tarixi, orta və ali məktəb illəri, ailə həyatı qurması, övladları ilə bağlı məlumatlar, bir sözlə, şəxsi həyatının mühüm məqamları konkret tarixi rəqəmlər üzərində yer almışdır. Bölmə “Ömür yolu” başlığı altında verilmiş məlumatların davamı təsiri bağışlayır. Məhərrəm Qasımlının kitabları. Bu başlıq altında Məhərrəm Qasımlının işıq üzü görmüş 17 kitabının bibliqrafik siyahısı verilir. Siyahıda “Sənə sözüm var” (2004), “Yağmur qoxusu” (2015), “Yağış pıçıltıları” (2016), “Saz başına döndüyüm” (2017), “Əllərini uzat mənə” (2021) adlı şeir kitabları, “Taleyimdən və ürəyimdən keçənlər” (2017) adlı müdrik deyimlər toplusu, “Aşıq sənəti” (1996), “Şah İsmayıl Xətayinin poeziyası” (2002), “Ozan aşıq sənəti” (2007, 2011 və 2015-ci il Bakı və Təbriz nəşrləri), “Folklor və ədəbiyyat araşdırmaları” (2017), “Azərbaycan aşıq ədəbiyyatı” (2018), “Ozan aşıq sənəti və ədəbiyyatı” (2023) monoqrafiyaları, “Yuxu yozmaları” (1993), “Bizim ellər yerindəmi?” (1993), “Azerbaycan Türklerinde Rüya tabirleri” (1996) toplama materailları yer almışdır. Məhərrəm Qasımlının nəşrə hazırladığı kitablar. Bu bölmədə Məhərrəm Qasımlının toplayıcısı və tərtibçisi olduğu 13 kitabın, o cümlədən antologiyaların bibloqrafik siyahısı verilmişdir. “Ozan-aşıq ensiklopediyası” (İki cilddə, 2019-2020), “Aşıq gözəlləmələri” (2020), “Ustad nəfəsli saz-söz ərməğanı” (2020), “Aşıq divaniləri və müxəmməsləri” (2022), “Aşıq deyişmələri” (2022), “Aşıq təcnisləri” (2022), “Seçmə aşıq şeirləri antologiyası” (2023), “Aşıq, bağrına bas sədəfli sazı” (2023), “Qərbi Azərbaycan aşıqları” (2023), “Aşıq dastanları” (Üç cilddə, 2024-2025) kitablarının ərsəyə gəlməsində Mahmud Allahmanlı, İradə Köçərli, Kamilə Dadaşzadə, Altay Məmmədli, Musa Nəbioğlu kimi tədqiqatçıların da xidməti olmuşdur. Bütün kitablar Azərbaycan Aşıqlar Birliyi xəttilə işıq üzü görmüşdür. Görkəmli elm və sənət xadimlərinin Məhərrəm Qasımlı haqqında dediklərindən. Bu bölmədə Ağamusa Axundov, Bəkir Nəbiyev, Tofiq Hacıyev, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Elçin Əfəndiyev, Nizami Cəfərov, Yaşar Qarayev, Məstan Günər və Məti Osmanoğlunun Məhərrəm Qasımlı ədəbi və elmi fəaliyyəti haqqında fikirləri verilmişdir. Kitablardan seçmələr. Bu bölmədə Məhərrəm Qasımlının müxtəlif elmi kitablarından götürülmüş ədəbiyyat və sənət haqqında fikirləri verilmişdir. Burada poeziya, folklor, elm və ədəbiyyat haqqında müdrik söyləmələr təqdim olunur. Bu giriş xarakterli bölmələrdən sonra Məhərrəm Qasımlının həyatı və yaradıcılığı haqqında məqalər təqdim olunur. “Aşıq sənətinin qeyrətkeşi” fəslində Nizami Cəfərov, Musa Nəbioğlu, Rüstəm Kamal, Paşa Əlioğlu, Yadulla Ağazadə, Cabbar Cəlil Bəydilli, Faiq Qismətoğlu, Bayram Ağayev, Tahir Saleh və Fəxrəddin Qəribsəsin məqalələrində Məhərrəm Qasımlının aşıq sənəti ilə bağlı tədqiqatlarına diqqət çəkilir. “Söz sənəti bilicisi və folklorumuzun həssas qədirşünası” fəslində Yaşar Qarayev, Mehman Qaraxanoğlu, Akif Azalp, Esmira Fuad, Yadigar Türkel, Rasim Nəbioğlu (Qurbanov), Yusif Ağbulaq (Hüseynov) və Sərvaz Hüseynoğlunun məqalələri təqdim olunur, Məhərrəm Qasımlının folklorşünaslıq sahəsindəki xidmətləri sadalanır. “Orxan Paşanın poetik dünyası” fəslində Məhərrəm Qasımlının şeirlərindən söhbət açılır. Bəxtiyar Vahabzadənin “Uğurlu yol” yazdığı Orxan Paşanın şeirlərini Qurban Bayramov, Vaqif Yusifli, Məti Osmanoğlu, Ayhur Xəlilova, Rüstəm Kamal, Barat Vüsal, Avtandil Ağbaba, Sadıq Elcanlı, İslam Sadıq, Məhəmmədəli Mustafa, Qəndab Haqverdi, Əsgər Zeynalov, İradə Sarıyeva, Qürbət Mirzə, Nizami Tağısoy, Salidə Şərifova, Bədirxan Əhmədov, Şahbaz Şamuoğlu, Ziyadxan Əliyev, Fəridə Kazımova, Faiq Qismətoğlu, Esmira Fuad (Şükürova), Ağacəfər Həsənli, Mərziyyə Nəcəfova, Xan Rəsuloğlu, Könül Aydın Nemət, Şakir Abdullayev, Şakir Əlifoğlu, Qiymət Məhərrəmli, İsgəndər Fərhadoğlu (Səklikov), Ramin Qurban və Vaqif İsaqoğlu ədəbi təhlilə cəlb edir, yüksək dəyərləndirirlər. Bəxtiyar Vahabzadə vaxtilə tələbəsi olmuş Məhərrəm Qasımlını belə qiymətləndirir: “Məhərrəm Qasımlı mənim tələbələrimdən olmuşdur. Həmişə sual verən tələbələrimi çox sevmişəm, çünki sual vermək öyrənmək arzusunun ifadəsidir. Məhərrəmin bilmədiklərini bilmək, görmədiklərini görmək arzusu onun düşünmək qabiliyyətindən xəbər verirdi… Mən o zaman tələbəmdəki bu arzunun onu gec-tez yaradıcılıq aləminə gətirəcəyinə inanmışdım. Belə də oldu. Ədəbiyyata yeni gələn hər bir gəncin birinci vəzifəsi tapdanan yolla getməmək, öz sözünü demək və həm də özü kimi deməkdir”. “Dostların ürək sözləri” fəslində Etibar Talıblı, Faiq Qismətoğlu, Məhəmmədəli Mustafa, Yadulla Ağazadə, Kamil Adışirinov və Yeganə Məhərrəmova haqqında söhbət açdıqları Məhərrəm Qasımlını yaradıcılığı şəxsiyyətini tamamlayan bir insan kimi xarakterizə edirlər. “Müsahibələr” fəslində ayrı-ayrı vaxtlarda Əjdər Fərzəli, Lətafət Tahirqızı, Şamil Vəliyev, Əziz Ələkbərli, Həzi Həsənli, Nüşabə Hüseynli, Sevinc Rəhimova, Rahilə, Ülvinə, Zirəddin Qafarlı, Məhəmmədəli Mustafa, Pərviz Axund, Etibar Etibarlı, İham Rəhimli, Zümrüd Qurbanqızı, Şəfiqə, Elyaz Yekənli və Bəhruz Niftəliyevin Məhərrəm Qasımlıdan götürdükləri müsahibələr təqdim olunur. Müsahibələrdə poeziya, folklor, ədəbiyyatın tədrisi məsələləri, dərsliklərin vəziyyəti, həmçinin yeni nəşrlər haqqında problemli məsələlərə toxunulur. Məsələn, Əjdər Fərzəli Məhərrəm Qasımlıdan götürdüyü müsahibəyə belə bir ad vermişdir: “Folklorumuz, həsrətimiz, qürbətimiz”. Müsahibədə folklorşünaslıqla bağlı ciddi məsələlərə toxunulur, birinci növbədə şifahi xalq ədəbiyyatının toplanılmasına geniş meydan verilməsi məsələsi qaldırılır: “Folklor nümunələrinin toplanmasında uzun illər ərzində dözdüyümüz durğunluğun, boşluğun yerini doldurmaq üçün daha ciddi və əhatəli iş aparılmalıdır”. Kitabın sonuncu fəsli “Orxan Paşaya ünvanlanmış şeirlərdən örnəklər” adlanır.

Bu fəsildə Nəriman Həsənzadə, Barat Vüsal, Vaqif Aslan, Altay Məmmədli, Könül Aydın Nemət, İradə Gözəl Vəlibəyli, Əli Toğulcalı, Ramiz İsmayıl, Azər Laçınlı, Zərgər Abbas, Əflatun Baxşəli, Şəhniyar Mikayıloğlu və Rəşid Kamiloğlunun Məhərrəm Qasımlıya ünvanlanmış şeirləri verilmişdir. Nəriman Həsənzadənin Məhərrəm Qasımlıya-Orxan Paşaya yazdığı “Sazdır dəvası, şairim” şeirində aşıq sənətinə, saza və sözə qiymət verilməsi yüksək dəyərləndirilir: Sazı sizə tapşırıram, Allah rizası, şairim. Millət də, saz da sizindir, Qoruyun sazı, şairim. …Onun xeyir-duası var, “Ruhani”si – laylası var, Sazın abır-həyası var, Xalqdır anası, şairim. …Oxu, şadlan deyən – sazdır, Təbrizə can deyən – sazdır, Azərbaycan deyən sazdır, Budur vəfası, şairim. Barat Vüsal da “Məhərrəm Qasımlıya – Orxan Paşaya” şeirində onun aşıq sənəti ilə bağlı fəaliyyətini önə çəkir: Söhbət edir, söhbətinə mehmanıq, Heyrət edir, heyrətinə heyranıq. Qeyrət edir, qeyrətinə qurbanıq, Məhərrəm Qasımlı – Orxan Paşanın! Soyu Dədə Qorqud soyundan gəlir, Hayı Koroğlunun hayından gəlir. Suyu Dəli Kürün suyundan gəlir, Məhərrəm Qasımlı – Orxan Paşanın! …Ruhunu, eşqini saz edənə bax, Allah, adam saza, saz adama bax! Bax, budu ömrünü uzadana, bax, Məhərrəm Qasımlı – Orxan Paşanın! “Sənin alın yazındı bu Vətən…” elmi, ədəbi və publisistik məqalələr, müsahibələr topusunu ömrünü ədəbiyyata və elmə həsr etmiş Məhərrəm Qasımlı yaradıcılığına dəyər verən kitab kimi xarakterizə etmək olar.

Yazımın sonunda bir qənaətimi bildirməyi vacib sayıram. Çoxsahəli fəaliyyəti ilə fərqlənən Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının şeirlərini, elmi məqalələrini, ədəbi və elmi fəaliyyəti haqqında məlumatları bir yerə cəmləyən çoxcildli “Əsərlər”in nəşrinə ehtiyac var. Kitabın ilk cildlərində onun şeirlərinin, ardınca elmi araşdırmalarının və onun haqqında olan yazıların (həm şeirlərin, həm də məqalələrin) təqdim olunması oxucular üçün gözəl töhfə sayıla bilər. Məhərrəm Qasımlının çoxsahəli yaradıcılıq imkanları belə bir nəşrin həyata keçirilməsini zəruri edir. Elə bilirəm, bu təklifin reallaşacağı məqamın sevincini yaxın vaxtlarda yaşaya biləcəyik.
Bilal ALARLI (Hüseynov), filologiya üzrə fəlsəfə doktoru.
👁 baxış
