Məcra.az haqqında danışılan kənd haqqında yazını təqdim edir:
“Əslində adı və tarixi haqqında yazdığımız Kövüzbulaq kəndidir (indiki Soyuqbulaq kəndi). Qeyd edim ki, kənd əhli adın dəyişdirilməsinə etiraz etmiş, kəndin tarixi adının geri qaytarılmasını tələb etmişlər, amma bu mümkün olmamışdır. Nəhayət, 2015-ci ilin aprelində Milli Məclisin qərarı ilə Soyuqbulaq adlandırılıb. Səbəb: rayonda(Cəlilabad) iki adda kənd adının olması olub.
Kəndin zəngin tarixi keçmişi var. Biz bir neçə tarixçi (Elçin Hüseynov, Rza Rzayev, Elşad Əhmədov və Ələsgər Mirzəzadə) kənd nümayəndəsi Salamat Nəcəfovun dəvəti və bələdçiliyi ilə ərazidə olarkən bunu hiss etdik. Salamat bəy bizi tarixi abidələr olan əraziyə istiqamətləndirdi və biz orada müxtəlif mədəni təbəqələrə məxsus maddi tarixi abidələrlə rastlaşdıq. Saxsıdan hazırlanmış çoxluca məişət əşyaları üstünlük təşkil edirdi: qazan qapaqlarının üst tutacaqları (qırıq şəkildə), sap hazırlamaq üçün əyirici daş alətlər, çəki daşları, üstünün naxışına görə, 30 ildə ilk dəfə rastlaşdığımız saxsı məişət boşqabının (çox güman ki) bir parçası, 7,8 kq-lıq daşdan hazırlanmış yumru güman ki, mancanaq topu, üstündə 2 bidon qab, 6 guşədən ibarət və müxtəlif həndəsi naxışlar olan məzar baş daşı və s. Həmin ərazi, bələdçinin dediyinə görə, kənd camaatı tərəfindən ziyarət olunur. Biz bunu həmin tarixi nümunələrin üstündə yandırılmış şamlardan da gördük. Rastlaşdığımız və bir yerə yığılmış maddi-mədəniyyət nümunələri gəldiyimiz rəyə əsasən, Orta əsrlər dövrünün nümunələridir.
Kəndin möhtəşəm abidələrindən biri də xalqın dilində “Quyluq-təpə”, Sərhəd – kameral xidmətinin sənədlərində və jurnalist-araşdırmaçı Sabir Nəsiroğlunun statusda məlumat verdiyi rus yazılı mənbələrində “Göy(Qek) təpə kimi işlənən tarixi təpədir. Təpə ərazininin ən hündür yeri sayılır. Orada kənd camaatı tərəfindən 44 günlük qələbədən sonra dəmir dirək basdırılaraq Milli Bayrağımız asılmışdır. Təpəyə son günlər qarətçilər tərəfindən gizli müdaxilə edilmış, təpənin üstü qazılmışdır. Torpaq üzərindən insana xas olan qabırğa sümüyü, müxtəlif saxsı qab nümunələrinin sınıqları tapıldı. Biz bu barədə kəndin bir neçə ziyalısına məlumat verdik ki, aidiyyatı orqanlara çatdırsınlar.
Bələdçi bizə kəndin bir neçə qədim qəbiristanlığının olduğunu da məlumat verdi. Gec olduğu üçün oranı növbəti səfərə saxladıq”.
Ələsgər Mirzəzadə, ADPU CF-nın müəllimi və tarixçi- tədqiqatçı.