Fotoqrafın son şəkli -Meyxoş Abdullah yazır…

Fotoqrafın son şəkli…

(elegiya)

Tomar Zeynalov… Cəlilabad rayonunun Xəlilabad kəndindəndir, mənim doğulduğum kənddən. Onunla uşaqlıq və gənclik illərimiz bir yerdə keçib. Qohum idik, atası Turab kişiylə doğma xalaoğluyuq. Tomarın atası Turab kişi o vaxtlar kənddə dükan (maqazin) işlətdiyi üçün, biz uşaqların Tomara tez-tez işimiz düşərdi. Belə ki, atasının dükanından peçennedən, konfetdən, noğuldan oğurlayıb bizə verərdi. Tomar uşaqlıqda çox sakit bir uşaq olub. Dava-dalaşla arası yox idi. Biz yaşda olan qonum-qonşunun uşaqları həmişə ona həsəd hissiylə baxardıq. Ona görə ki, onu evdə çox istədiklərindən çöl-bayıra, iş-güc dalısınca göndərməzdilər.

Həmişə səliqəli və təmiz geyimdə həyət-bacada dolaşardı. Sudan yaman qorxurdu. Yay vaxtı biz kəndin kənarındakı çayda  çiməndə, o qıraqda oturub uşaqlara tamaşa edərdi. 1984-cü ildə mən rayonda işə başlayanda Tomar, artıq fotoqraf kimi çalışırdı. Rayonda tanınmış, fotoqraf olan Sədulla ilə birlikdə işləyirdi. Dolanışığı yaxşı idi, yaxşı da hörməti vardı. Hər gün görüşərdik. Səhərlər işə bir gəlib, axşamlarda da kəndə bir gedərdik. İş yerlərimiz yaxın olduğuna görə, çox vaxt da günortanı bir yerdə edərdik. İşimiz çox olanda avtobusun axırıncı reysinə çata bilmirdik, bəzən qarda, şaxtada kəndə piyada gedib gələrdik. O vaxtlar kəndimizdən otuz nəfərə yaxın adam rayonda müxtəlif vəzifələrdə işləyirdilər. Səhərlər kənddən rayona işləyən 20 qəpiklik “sarı avtobus” ağzına qədər adamla dolu olardı.

Bir gün Tomarla qərara gəldik ki, ev növbəsinə yazılıb rayondan ev alıb kənddən çıxaq. Çünki kənd həyatı bizi sıxırdı, həm də gündə kəndə gedib-gəlmək adama çox əzablı gəlirdi. O vaxtlar bu heç kəsin ağlına gəlməzdi. Çünki vəziyyət yaxşı idi, iş yerləri çox idi, hər gün də kənddə avtobus işləyirdi. Gələcəkdə vəziyyətin, bu qədər gərgin olacağını, işsizliyin baş alıb gedəcəyini  kim ağlına gətirərdi ki? Nə bilim, bəlkə də, bu Tomarla mənim uzaqgörənliyim idi. Həm də, o vaxtlar rayonda ev almaq o qədər də asan məsələ deyildi. Ev növbəsinə yazıldıq. Bəxtim gətirdi ki, işlədiyim idarənin işçiləri üçün ev tikilirdi. Subay olduğuma görə mənə də 1 otaqlı mənzilin orderini verdilər. Elə sevinirdim ki. Rayonda ev almaq, əlbəətdə, bir kənd uşağı üçün möcüzə kimi görünürdü. Amma sevincim çox uzun sürmədi. Atam xəbər tutan kimi gəlib orderi ləğv etdirdi. Səbəb də, bu oldu ki, guya mən kənddən birtəfəlik çıxıb gedirəm. Atama da  acıq gələn o idi ki, guya, o qocalanda ona baxan olmayacaqdır. Nə demək olardı, o vaxt çox valideyn belə düşünürdü. Bu da, guya övlad istəməyin bir növü idi. Hökumət evinin əlimdən çıxması mənə çox pis təsir etmişdi, amma valideynlərimdən də keçə bilmədim. Tomar isə rayonun “silsilə” deyilən tərəfindəki ikimərtəbəli köhnə binadan iki otaqlı bir mənzil aldı.

Bu hesabla mən 6 il Tomarsız kənddən rayona, rayondan da kəndə  gəlib, getdim. Çox əziyyət çəkirdim. Onu da deyim ki, 6 ildən sonra rayonda ev alanda, qorxumdan atama bu barədə bir söz demədim. O vaxt dedim ki, artıq iş-işdən keçmişdi. Sonradan atam da, deyəsən, öz səhvini anlamışdı. Tomar sonradan toy şənliklərində vidieo çəkməyə başladı. İşləri, dolanışığı yaxşı idi. Hamı onu tanıyırdı, hörmət edirdi. Dostları, tanışları artıb, çoxalmışdı. Demək olar ki, rayonda hamı onu öz sənətinin ustası kimi tanıyırdı. Tomarın o vaxtlar bir sıxınntısı vardı, övladı olmurdu. Onun övladsızlığı  hamımızı narahat edirdi. Özü də, bu barədə çox narahatçılıq keçirirdi. Səhv etmirəmsə, 15 ilə yaxın onun övladı olmadı. Nəalac qalıb qohumlardan birinin uşağını övladlığa götürdü. Allahın qismətinə bir bax, bir ildən sonra onun öz övladı da dunyaya gəldi. Döğurdan da, bu bir möcüzə idi. Tomar həyatda çox ağrılarla üzləşmişdi. Ailələri böyük idi. Ailənin bütün yükü onun çiyinlərinə düşürdü.  İki cavan qardaşını, bir bacısını vaxtsız itirmişdi. Sonradan anasını, atasını da itirdi. Çox əziyyət çəkirdi. Heç yadımdam çıxmaz, bir dəfə bir qohum toyunda qol açıb oynayırdıq. Gördüm Tomar yaman bikefdir. Dedim, Tomar nə olub, niyə könülsüz oynayırsan? Əyilib qulağıma dedi ki, qardaş, axı mən hansı günümə oynayıram. Sən ki  mənim vəziyyətimi görürsən. Təskinlik verdim, dedim ki, bir az səbrli ol, döz hər şey yaxşı olacaqdır.
Bir 2 nəfər, körpə və gülümsəyən insanlar şəkili ola bilər

Tomar dəyərli insan, gözəl sənətkar idi. Dostları onun xatirini çox istəyirdilər. El-obada, rayonda onu sevənlərin sayı çox idi. Kəndin xeyir-şərindən qalmazdı. Son vaxtlar gec-gec görüşərdik. Rayonda evi olsa da, ailəsi ilə birlikdə Bakıya köçmüşdü, deyəsən, orada kirayədə yaşayırdı. Rayona, kəndə  xeyirə-şərə gələndə görüşərdik. Axırıncı dəfə onunla görüşüm rayonda oldu. İşdən evə gedəndə avtovağzalın həyətində gördüm onu, Bakıya gedirdi. Çox yapışdım ki, gedək evə, bizdə bir gecə qal, söhbət edək. Nəyisə bəhanə gətirərək, təcili şəhərə gedəcəyini dedi. … Və bir gün eşitdim ki, rəhmətə gedib. Elə bir ciddi xəstəliyi də yox idi. Deyilənə görə, həmin gün həkim qəbulunda olub.

Evə gələndən sonra divanda oturub həyat yoldaşından çay istəyib. Həyat yoldaşı çayı gətirəndə görüb ki, oturduğu yerdəcə dünyasını dəyişibdir. Dağ boyda adam idin… Allah sənə rəhmət eləsin Tomar. Rayonda elə ev, elə ailə olmasın ki, sənin çəkdiyin şəkillərdən, vidieolardan o evdə olmasın. Sən hamının qəlbində, yaddaşında, fikrində yaşayacaqsan. Çəkdiyin ağ-qara şəkillər kimi…

11 iyun 2025-ci il Tomarın 40 mərasimidir.

👁 baxış