Xeyirxahlıq, nəciblik və saflıq yaranışdan insanlığın ən ali zinəti sayılaraq onun bu fani dünyada əbədiyaşarlığını, daim mənəvi ucalıqda dayanmasını təmin edir və xalqının işıqlı gələcəyinə xidmət edən xoşməramlı əməllərin müəllifinə çevrilirlər. Zərifə xanım Əliyeva da yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti, insanlara münasibətdə məsuliyyəti ilə qədirbilən xalqımızın yaddaşında həmişə yaşayır, daim böyük ehtiramla anılır. Qismətinə belə xoşbəxt tale yazılan, qaranlıq gözlərə nur paylayan, həyatın gözəlliklərindən zövq alan, oftalmologiya elmində xüsusi dəst-xətti ilə iz qoyan akademik Zərif xanım Əliyeva əməlləri ilə əbədiyaşarlılıq qazananlardan biri idi. Sağlığında xalqı üçün gördüyü işlərlə mənəvi ucalığa yüksələn Zərifə xanım Əliyevanın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb işçisi üçün mənəviyyat, kamillik və müdriklik məktəbidir. Böyük filosoflar əsrlər boyu şəxsiyyət amilini tədqiq edərkən son nəticədə bu qənaətə gəliblər ki, onun yetişməsində başlıca amil məhz formalaşdığı mühitdir.
Zərifə xanım da 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Zərifə xanım Əliyevanın uşaqlığının ilk illəri Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə bitirmiş və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Tələbəlik həyatının ilk günlərindən özünəməxsus fitri istedadı, dərin zəkası, iti məntiqi təfəkkürü, təvazökarlığı və sadəliyi ilə tələbələr arasında hörmət qazanmış, professor-müəllim heyətinin diqqətini cəlb etmişdir. Tələbəlik illərində Zərifə xanım Əliyevanın qəlbində insanların gözlərinə nur bəxş etmək kimi müqəddəs arzu baş qaldırmış, o öz gələcək fəaliyyətini tibbin oftalmologiya sahəsinə həsr etməyi qarşısına məqsəd qoymuşdur. Bilik diapazonu geniş və çoxşaxəli olan Zərifə xanım Əliyeva qısa zamanda həm həkimliyin, həm alimliyin, həm də pedaqoqluğun ən yüksək zirvəsinə yüksələ bilmişdir. Zərifə xanım həmişə bu fikirdə olmuşdur ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, xəstəyə ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır, bəzən dava-dərmandan da güclü təsir göstərir, “həkim xəstənin ən doğma adamıdır” demişdir. O, həm görkəmli alim, həm də həyat eşqi, xeyirxahlığı, nəvazişi ilə qayğıkeş ana və həyat yoldaşı, ailəsinə dayaq olan əsl insan idi. İşinin çoxluğuna, cəmiyyətdə tutduğu yüksək mövqeyə baxmayaraq, birinci növbədə ailəsinin qayğıları ilə yaşayırdı.
Hər kəsin qismətinə yazılan tale yolu olur. Hamı Tanrının qismət kimi bəxtinə yazdığı bu yolu başa vurur. Ancaq əsas odur ki, bu yolda saldığın izlərin, əməllərin əbədi qalsın. səni yaşatsın. Həyatın səndən sonrakı nəsillər üçün örnək olsun. Göründüyü kimi, Zərifə xanımın həyatını mənalandıran nə varsa – onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti – hamısı bu nəcib qadının ruhundan, nurundan şölələnmişdir. Bu gün Əliyevlər ocağının yetirmələri də öz sələflərinin hər mənada şərəfli davamçılarıdırlar. Cənab İlham Əliyev kimi dünya miqyasında tanınan və qəbul olunan bir şəxsiyyətin qazandığı nailiyyətlərdə, şübhəsiz ki, valideynlərinin düzgün tərbiyəsi, övladı müdrikliklə formalaşdırmaq ənənəsi mühüm rol oynamışdır. Zərifə xanım İlham Əliyevi əziz oğlu kimi sevməklə yanaşı, onun məsuliyyətli, insanpərvər, Azərbaycana qanıyla-ruhuyla bağlı bir insan kimi formalaşmasına xüsusi önəm verirdi. Zərifə xanım daim mərhəmət və nəciblik kimi ali keyfiyyətlərə sadiq insan olaraq tanınmışdır.
Sailə Salahzadə,
YAP Pirallahı rayon Təşkilatının fəalı
👁 baxış
