Axundzadələrin Lənkərandakı məzarlıqları – Ələsgər Mirzəzadə yazır…

Mənim onları ziyarət etməyimin əsas səbəbi mənim elmi-arxeoliji ustadım olmuş, həmçinin 2004-cü ildən 2016-cı ilə qədər Cəlilabad rayonunda məni də (bizi) yanına alaraq arxeoloji qazıntılar aparmış Tufan Ishaq oğlu Axundov olmuşdur. Həmçinin orada dəfn olunmuş sülalələri haqqında da məlumat toplamaq məqsədim olub.

LDU-nun dosenti, t.ü.f.doktoru Leyla xanımla birgə apardığımız araşdırmalar bizim üçün çox dəyərli oldu.

Büstü yonulmuş şəxs Mirzə İsmayıl Qasir Axundzadədir O Azərbaycanın XIX əsr klassik ədəbiyyatının parlaq nümayəndəsidir. Həm şair, həm ziyalı olan Qasir Lənkəranda “Fövcül-füsəha” adlı ədəbi məclis yaratmış, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O həmçinin “Üsuli-cədid” məktəbinin əsasını qoyaraq uzun illər burada məktəbdarlıq etmişdir. Tufan Axundovun ulu babasıdır.

Hacı Səlim Axund Axundzadə QASİR AXUNDZADƏNİN böyük oğludur. O Azərbaycan Cümhuriyyətinin yaradıcılarından, “…müstəqillik bəyannaməsinə imza atanlardan, Zəngəzur mahalını daşnaq ordusundan azad edənlərdən biri olub. Milli Parlamentdə bu mahalı təmsil edib.

Qasirin kiçik oğlu Məşədi Mirzə Səbih bolşeviklər tərəfindən daim təqib olduğundan müxtəlif yerlərdə gizlənir, bəzən ələ keçərək, aylarla həbsxanalarda yatır, müəyyən qüvvələr tərəfindən buraxılırdı.

Mirzə Səbihin ortancıl oğlu, Qasirin nəvəsi, T. Axundovun atası Səbi-zadə Ishaq Axundzadə bir ziyalı olaraq, görkəmli şəxsiyyətlərdən olub. Cənub bölgəsi əhalisini əzazil bolşeviklərdən qoruyub. Ata və babasının əlyazmalarını gizlədərək, müharibəyə “poveska”(2-ci Dünya müh.) alarkən gizli şəkildə əlyazmalar fondunun rəhbəri Məmməd Ariflə əlaqə yaradaraq  ora təhvil verir. Ishaq Axundzadə sonrakı illərdə də ata- babalarının arxivlərini araşdırmaqla məşğul olur.

Nəhayət, İsaq Axundzadənin oğlu Tufan Axundov atasının para qalmış işini başa çatdırır.
T. i. Axundov yazdığım kimi görkəmli alim, doktor,  arxeoloq idi. AMEA-nın Arxeologiya və Antropologiya institutunun əməkdaşı olmaqla, böyük tədqiqatların müəllifi idi. Sadə və ürəyitəmiz bir insan idi. Cəlilabadın bütün abidələrini onunla birgə gəzmişdik. Hər abidə haqqında onun ayrı-ayrı və maraqlı fikirləri var idi. Amma əcəl aman vermədi. Bütün Axundzadələri Allah rəhmət eyləsin!

Ələsgər MİRZƏZADƏ,
ADPU Cəlilabad Filialının Baş müəllimi,
tarixçi – tədqiqatçı

👁 baxış