Həqqin tərəfin tutmağı əxz eyləmişik şərq qapısında – Gülbala Teymurun qəzəlləri

Bu gün tanınmış şair, AYB-nin üzvü Gülbala Teymurun 70 illik yubileyidir.

Qeyd edək ki, G.Teymur Ümummilli lider H.Əliyevin vəfatı münasibəti ilə 2004-ildə AYB-nin “Beynəlxalq HeydərAta”  fondu ilə keçirdiyi ümumrespublika şeir müsabiqəsinin qalibi olub. Bu günə kimi şairin 4 şeirlər kitabı çapdan çıxıb. Hazırda 5-ci kitabı çapa hazırlanır.

Biz də Gülbala Teymuru yubiley münasibəti ilə təbrik edir və yeni qəzəllərini oxuculara təqdim edirik:

***

Biz azəriyik, dosta vəfa canımızda, qanımızdadır,

On bir havacat var və onun doqquzu dərmanımızdadır.

 

Yerdir anamız, gündoğanla günbatanın ortasındayıq,

Sərvət deyilən əfi ilanlar bizim ünvanımızdadır.

 

Həqqin tərəfin tutmağı əxz eyləmişik şərq qapısında,

Allaha inam, doğruya hörmət!- o da vicdanımızdadır.

 

Biz xalqları dost, dostu qohum, qonşuları qonşu bilmişik,

Bu adət-ənənə çox uzaqlarda, kök- əcdadımızdadır.

 

Bundan sora bəlkə, gələlər özlərinə, Gülbala Teymur,

Yatmaq bizə düşməz, qarı düşmən əbədi yanımızdadır.

***

Gözəl səsli    Mirələm Mirələmova

Allah səni, o səsi, o səsin məlahətini qorusun, Mirələm!

Yandırdın bizi, zalım, nə səsdir bu?

Məcnuna Leyla qədəri bəsdir bu!

 

Allah vergisidi, ya tapmısan özün,

Ya fitrəti-Davuddu, ya, həvəsdir bu?

 

Dilləndirə bildin qəm könülləri,

Sındırdığın zülmətdi, qəfəsdi bu.

 

Şəhri-muğamata “şur” ilə gəlmisən,

Ustadlar fövqündə bəhsə bəhsdir bu?

 

Haradan tapmısan  rübabın cəmin,

Cansız canlara cəfa, su-qəsdir bu?

 

Tən etmə MirƏləmə, Gülbala Teymur,

Eşqü-muğamatda səri-məstdir bu.

 

***

Bağlıdır bir-birinə günlər görünməz bağ ilə,

Yol gedir, hər bir ağıllı bir səfeh, axmağ ilə.

 

Bir tərəfən bəxş edəndə bir tərəfdən verməyir,

Tanrının öz fikri var, vermək ilə, almağ ilə.

 

Həm gələn var, həm gedən var, fırlanır dünya evi,

Sirr deyil, kökdən sınan var, bir də var yarpağ ilə.

 

Kəm-kəsirli bir kədərdi əhli-halın qisməti,

Xoş günü misqal qədərdi, dərdi nisbət dağ ilə.

 

Aqil insanlardan ol, fikr eyləmə, ey Gülbala,

Gül, danış, dünyanı aldat, gün keçirt lağ-lağ ilə.

***

Gülbala Teymur: Allah dəf etməyə hər canlıya dərd, çarə göndərib,

Peyqənbər(lər)i  insanlara ibrət,  işarə göndərib.

 

Həqq ilə dost olanlara  imtəhan üçün zülm, sitəm,

Əl üzdüyünə təklifi təkrar, dübarə göndərib.

 

Bülbül yaranandan dili-suzan, ruhən qəfəsdədi,

çəməzarı təmamən bəzəyib, xarə göndərib.

 

Yunis  peyqənbəri dəryada qəfəsdən xilas edən,

Yusif peyqənbəri də məkri-Züleyxayə göndərib.

 

Qurban olduğum tama istəklərin qucaq, qucaq,

Hər bir şeydə yarımçıqlara kəsərək,  parə göndərib.

 

Laiq olmayan cəmin səri əbədi dərd-qovğada,

Laiqlini  laiq olana, iqtidarə göndərib.

 

O, hər işin biləni, la- məkan, sərvər, sirri-xuda,

Gülbala, rəsmin gözgörəti,  aşikara göndərib.

***

Könlümün dərdini bilməz, o gözəl hali deyil,

Çünki, könlüm də bu işlərdə təmənnalı deyil.

 

Var olub rahi-kədərdən canı şairliyimin,

Mənə dost olmaz o kəs ki, başı bəlalı deyil.

 

Yandı cismim də xəyalım kimi atəşlərdə,

Bu bəla təkcə mənim könlümün məlalı deyil.

 

Əl çəkin, burda cəfa çünki, səfadan çoxdur,

Bülbülün yoxdu günahı, o gül vəfalı deyil.

 

Yaradan var, yaşadan var bu könül dünyamı,

Gülbala, söz ölə bilməz, bu dünya xali deyil.

***

Aldı payız küləkləri, o budaqda badam qalıb?

Ya, tazə gəlmişəm bu bağa, görmürəm yadam, qalıb?

 

Seyyid Sadıqın ruhunu şad eyləsin uca Tanrı,

İlk sorğusu buydu, hanı, hanı, göstər, “adam” qalıb?

 

Adil İskəndərovdan bizə mirasdı, xəzinə var,

Bir də, dəyişsə də dövran, o  xoş sözü, “qadam” qalıb.

 

Koroğlunun qıratı, nərəsi,  uzaq səfərləri,

Füzulidən qəzəlləri, qələmi, yanar şam qalıb.

 

Toy çatdı sona, Gülbala, hay-küy çıxıb tamam çölə,

Dostlardı ətrafımda qalanlar, nə xoş, şadam qalıb.

***

Keçmiş  gedir, saxlamaq olmur, davam qalır.,

Bizdən çəkdiyimiz şəklimiz cavan qalır.

 

Cahil cahilliyində, bic də bicliyindədi,

Bir ortada bədbəxt, yarımağıl, avam qalır.

 

Bir dərdli var idi bizim o əski şəhridə,

Daim deyərdi çərxi-fələklə  davam qalır.

 

Bir gün vuracam mən, deyərdi, kəllə kəlləyə,

Dünyada bir  özüməm, bir sınıq tavam qalır.

 

Bu rəsmidi həmişəlik,  ey Gülbala Teymur,

Yağ yağ ilə həmxanədi, yarma yavan qalır.

***

Zahirdə gördüklərimizdən çoxu batində gizlənib,

Şəxsin olanlarının məxəzi zatında gizlənib.

 

Bu, sirridi, Allah açıqlamadı altı min sözü,

Söz var bilirik, sözlərin içi,  altında gizlənib.

 

Evlər tikilmədə, boy-boy düzülüb cah- cəlal ilə,

Möhkəmlikləri   bünövrədə, çatında gizlənib.

 

Əqlin, düşüncənin ucu nəsillərə, kökə bağlı,

Kimin də   kimliyi  əcdadının qatında gizlənib.

 

Davud peyqənbərin avazı yaşar çox müğənnidə,

Dərk eyləmir, o fitrəti çün, ovqatında gizlənib.

 

Dünyanı dolansan da, dön geriyə, Gülbala Teymur,

Dəvası dərdinin bəlkə, bağçanda, otunda gizlənib?

 

Hazırladı: Vasif Əlihüseyn

 

 

👁 baxış