Ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının geridə qalan günlərinin xronologiyasına diqqət yetirdikdə hər günün mühüm hadisələr, müasir dövrün əsas çağırışlarından olan iqlim dəyişmələrinin yaratdığı problemlər barədə geniş müzakirələrin aparılması və qarşıya mühüm vəzifələrin qoyulması ilə yadda qaldığını görürük. Noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılışı, bir gün sonra isə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Hər iki sammitdə səsləndirilən mühüm çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş şərh edilməkdədir.
Ümumilikdə, qeyd etmək mütləqdir ki, ölkəmizdə keçirilən COP29 sələflərindən fərqli olaraq yalnız iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki qlobal səyləri bir araya gətirməklə kifayətlənmədi, eyni zamanda dünya miqyasında iqtisadi və siyasi bərabərsizliklərə də diqqət çəkdi. Bu konfransda, Azərbaycanın öz mövqeyini bir daha təsdiqlədiyi və neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında dayandığı açıq şəkildə göstərildi.
Neokolonializm, əsasən inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələr üzərindəki iqtisadi, siyasi və sosial təsirlərini qoruyaraq, qlobal resurslardan maksimum fayda əldə etməyə davam etmələri ilə xarakterizə olunur. Bu, bir tərəfdən güclü ölkələrin zəif ölkələri istismar etməsi, digər tərəfdən isə inkişaf etməkdə olan ölkələrin ekologiyalarının və resurslarının səmərəsiz şəkildə istifadə edilməsi ilə nəticələnir. Bütün dünyada sərvətlər və sənaye infrastrukturunun böyük hissəsi inkişaf etmiş ölkələr tərəfindən nəzarətdə saxlanır, bu da iqlim böhranının ən ağır təsirlərini xüsusilə zəif və az inkişaf etmiş ölkələrə yönəldir. Azərbaycanın bu kontekstdəki mövqeyi, inkişaf etməkdə olan ölkələrin qlobal iqlim siyasətində daha fəal iştirak etməsi və beynəlxalq miqyasda ədalətli resurs bölgüsünə çağırması ilə əlaqəlidir. COP29 sammiti çərçivəsində Azərbaycan Prezidentinin bəyanatları, ölkəmizin yalnız özünün deyil, daha geniş geosiyasi bölgədəki dövlətlərin hüquqlarını müdafiə etmək məqsədinə xidmət etdiyini göstərdi.
Dövlətimizin başçısının inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitindəki çıxışına yaxından nəzər saldıqda, ilk növbədə diqqət çəkən nüansın Azərbaycan Prezidentinin inkişaf etmiş ölkələrə müraciəti olduğunu deyə bilərik. Sitat: “Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər”. Diqqət çəkən daha bir nüans isə, Prezident İlham Əliyevin çəkinmədən Fransa və Niderland kimi böyük dövlətlərin adlarını çəkərək onların müstəmləkə tarixini açıq ifşa etməsi idi. Məlumdur ki, böyük dövlətlər, təsisatlar, Qeyri-Hökumət Təşkilatları, media orqanları çox böyük nisbətdə bütün reallıqları bilsə də böyük dövlətləri nədəsə ittiham etməkdə çəkinir və ya zəiflik göstərirlər. Kiçik dövlətlərə qarşı öz maraqları çərçivəsində sərt qərarlar almaqdan, ambarqolar tətbiq etməkdən, onları sübut olunmamış faktlarla günahlandırmaqdan çəkinməyən bu qurumlar, ipin ucu böyük dövlətlərə toxunanda ölüm səssizliyi nümayiş etdirir, sözün əsl mənasında riyakarlıq göstərirlər. Ancaq Azərbaycan Prezidenti heç vaxt doğruluqdan, ədalətdən yan keçmir, ən ali tribunalardan həqiqətləri yüksək səslə hayqıraraq öz mövqeyini açıq şəkildə ortaya qoyur. COP29-da da bu reallıq dəyişmədi. Azərbaycan bir daha özünün haqlı mövqeyini dünyaya elan etdi.
Beləliklə, Azərbaycanın COP29 çərçivəsində göstərdiyi fəallıq, təkcə enerji məsələlərində deyil, həm də geniş miqyasda qlobal ədalət və inkişaf məsələlərində fəal rol oynamağa davam edəcəyini göstərdi. Bu, həmçinin Azərbaycanın öz xarici siyasətində “ədalətli və bərabər şəraitdə əməkdaşlıq” prinsipinə sadiqliyini nümayiş etdirir. İqlim dəyişikliyi ilə mübarizənin, yalnız ekoloji deyil, həm də iqtisadi və sosial ədalətin təmin olunması üçün bir vasitə olaraq istifadə edilməsi, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirəcək.
Fazil Məhəmmədov
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü