Şəhidlərimizin Anım Günü – Zəfərə aparan yol
27 sentyabr Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər və biz onlarla fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq, qisasımızı döyüş meydanında aldıq. Doğma torpaqlarımızı
düşməndən azad elədik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.
II Qarabağ Müharibəsi zamanı Azərbaycanın bütün potensialı səfərbər olunmuş və ölkədə milli həmrəylik mühiti təmin olunmuşdur. Respublikamızın suverenliyi və
ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və
zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə,
bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr
endirmişdir. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, 44 günlük müharibədə
Ordumuzun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandanın qətiyyəti ermənilərin və
havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Onların qəhrəmanlığı, onların
şücaəti, fədakarlığı artıq dastana çevrilib.Azərbaycanın tarixinə Qələbə səhifəsi
yazmış Ali Baş Komandan İlham Əliyevə xalqın etibarı və ehtiramı sonsuzdur.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq
Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin
mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə
mənbəyidir. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ
bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən ƏhmədbəyliFüzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus
nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış
minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanıb. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərin görülməsi qaçılmaz oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunmuşdur. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Allah şəhidlərimizə rəhmət eləsin
Məmmədzadə Əliyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri