1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşduqdan sonra ölkəmizdə yeddi dəfə parlament seçkiləri keçirilib. Yeddinci dəfə keçirilən parlament seçkiləri Azərbaycan xalqının həyatında olduqca əlamətdar, tarixi bir hadisə kimi qaldı. Belə ki, artıq vətəndaşlarımız öz seçki hüquqlarından doğma torpaqlarında istifadə etdilər. Bu, nəinki Azərbaycan xalqının həyatında, hər bir cəmiyyət üzvü üçün fərdi olaraq çox əlamətdar hadisədir. Hesab edirəm ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi həm tarixi zərurət idi, həm də ictimai sifariş idi.
Azərbaycan Prezidenti Milli Məclisin birinci iclasında qeyd etmişdir ki, biz yaxşı xatırlayırıq ki, 2020-ci ildə də növbədənkənar parlament seçkiləri oldu və sonrakı mərhələdə dövlətimiz olduqca mühüm vəzifələri yerinə yetirdi. Bu seçkilərdən sonra Azərbaycan xalqı tarixinin ən böyük zəfərini qazandı, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdik.
Növbədənkənar parlament seçkiləri Azərbaycanın inkişafının yeni tarixi mərhələsinin başlanğıcıdır. Bütün bunlar göstərir ki, həmin dövrdə də növbədənkənar seçkilərin təyin olunması təşəbbüsü olduqca düzgün, zamanında irəli sürülmüş təşəbbüs idi. Hazırda da tarixi inkişafımızın yeni bir mərhələsinə qədəm qoyduq və yeni mərhələdə qarşımızda çox ciddi hədəflər mövcuddur. Konstitusiyaya görə, parlament seçkiləri noyabr ayının ilk həftəsində keçirilməli idi. Lakin proqmatik düşüncə tərzi sərgiləyərək, zaman baxımından düzgün, milli maraqlarımıza uyğun araşdırma apararaq parlament seçkilərinin iki ay qabağa çəkilməsi haqqında qərar qəbul olundu. Sözsüz ki, yeni parlament qarşıda daha məsuliyyətli mərhələdə diqqətimizi olduqca vacib məsələlərə yönəltməyə imkan verəcək.
Prezident İlham Əliyev həmçinin vurğulamışdır ki, dövlət suverenliyinin bərpa edilməsindən cəmi bir il keçir. Bununla bərabər, demək istərdim ki, arxayınlaşmaq üçün heç bir əsas yoxdur. Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı
olaraq fəxr edəcəklər. Ökə qarşısında duran vəzifələr icra edilməlidir ki, biz daim inkişafda olaq, öz gücümüzü artıraq və Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin edək.
Qeyd etdiyimiz kimi, builki prezident və parlament seçkiləri müstəqil ölkəmizin tarixində ilk dəfə idi ki, ölkəmizin bütün ərazisində keçirilmişdir. Yeni seçilmiş Milli Məclisin fəaliyyətə başlaması severenliyimizin bərpasının Prezident Sərəncamı ilə rəsmiləşdirilməsi ilə bir vaxta düşür. Bunun özü də, çox böyük hadisədir. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi hətta dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı güclü iradə, birlik göstərərək 30 il davam edən işğala son qoydu. Azərbaycan dövləti öz gücünü göstərdi, xalqımız isə bütün dünyaya öz əyilməz ruhunu göstərmişdir. Ona görə əminəm ki, 2024-cü il bu baxımdan tarixdə qalan il olacaq.
Əminik ki, Milli Məclis və onun deputatları öz işi ilə ölkəmizin hərtərəfli inkişafına öz töhfəsini bundan sonra da verəcək və Azərbaycanın dayanıqlı inkişafı təmin ediləcəkdir.
Varid Əsgərov,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı