Cəlilabadda yeni məktəb binasının açılışı oldu

Cəlilabad rayonunda Pərdi kənd ümumi orta məktəbinin yeni binasının açılışı olub

Məcra.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev, RİH-in məsul şəxsləri, məktəbin pedaqoji kollektivi, məktəblilər və valideynlər iştirak edib.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. Rayon rəhbəri qeyd edərək qarşıya qoyulan əsas vəzifə yüksək istedad və qabliyyətə, eləcə də milli mənəvi dəyərlərə sahib vətənpərvər gənclərin yetişdirilməsi olduğunu bildirib.

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini İlham Cavadov və Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev çıxışlarında “Bilik Günü” və yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi, şagirdləri və valideynləri təbrik edib, yeni məktəbdə daha savadlı kadrlar hazırlanması yolunda kollektivə uğurlar arzulayıblar.

Qonaqlar daha sonra təhsil ocağında yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, məktəbin yeni binası 160 şagird yerlikdir. Bir mərtəbədən ibarət təhsil müəssisəsində 9 sinif otağı, direktor otağı, müəllimlər otağı, kitabxana, fizika, kimya, biologiya laboratoriya otaqları, informatika otağı, futbol və basketbol meydançası vardır.
Məktəbin binası müasir elektrik, kombi istilik sistemləri, su anbarı və quyusu ilə təchiz edilib.

PAGE TOP