Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olmuşdur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır.
Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışında Laçın şəhərinin sakinlərini uzun fasilədən sonra öz doğma şəhərinə qayıtmaları münasibətilə təbrik etmişdir. Dövlət başçısı öz çıxışında tarixi mesajlar vermiş, bəyan etmişdir ki, müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Müəssisədə yataq və qonaq otaqları dəstlərinin, qapıların və digər mebel məhsullarının istehsalı nəzərdə tutulub. Fabrikin illik istehsal gücü 3 min kubmetrdir. Burada Avropa ölkələrinin, Türkiyə və Çinin istehsalı olan
avadanlıqlardan, Türkiyə və Rusiyadan alınan xammaldan istifadə
olunacaq. İstehsal sahələrində ümumilikdə 100 nəfərin işlə təmin
olunması nəzərdə tutulub. Prefabrik modul evlərin istehsalı
müəssisəsində isə ildə 200 ev hazırlanacaq. Bu evlərin daş evlərdən
üstünlüyü ondan ibarətdir ki, onlar zəlzələyə davamlı və yüksək
dayanıqlılıqla yanaşı, ekoloji cəhətdən təmizdir. Həmçinin uzunömürlü
və yanğına davamlı olan bu evlərin digər bir üstünlüyü isə qiymətinin
daha sərfəli olmasıdır. Bu müəssisədə də 100 nəfər daimi işlə təmin
olunub. Xırdabuynuzlu heyvanların saxlanılması məntəqəsinin illik
istehsal gücü 17 min baş heyvan kəsiminə imkan verir.
Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46
müəssisə fəaliyyət göstərəcək. Heyvandarlıq. Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Ötən ilin avqustun 25-də “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə başlayıb. Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur.
Ceyhun Rəhimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi