Prezident İlham Əliyevin cari ilin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatla deyildiyi kimi, bugünkü Özbəkistan sosial-iqtisadi inkişaf üzrə aparılan gündəlik iş, çoxlu sayda sosial layihələrlə səciyyələnir. Həmçinin bütün bunlara ölkənin beynəlxalq arenada nüfuzunun artmasını da əlavə etmək olar. Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru oldu, onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır, həm də müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir.
İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib.
Özbəkistan və Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi dövlətlərarası əlaqələrin növbəti mərhələsidir. Bu sənəd həm ikitərəfli, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə həll etməyə imkan yaradır. Səfərin yekunları göstərdi ki, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Özbəkistan üçün açıqdır. Azərbaycanın kommunikasiya xətlərindən istifadə də üçün Özbəkistan üçün qazanclı ola bilər. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə isə Özbəkistanın Azərbaycanda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə töhfə oldu.
İnvestisiyalarının inkişaf dinamikası artır. Bir neçə gün əvvəl Azərbaycan və Özbəkistan dövlət başçılarının görüşündə imzalanmış sənədlər xüsusi əhəmiyyətə malikdir, gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də müxtəlif istiqamətlər üzrə konkret məsələlər və hədəflər müəyyən olunub.
Səməd Rüstəmov,
Cəlilabad şəhər Mənzil İstismar Sahəsinin rəisi