Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir. Prezident İlham Əliyevin cari ilin 19 avqust tarixində Bakıdada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü zamanı çıxışını diqqətlə dinlədik. Belə hesab edirəm ki, Rusiya Prezidenti Vladimir Putinin dövlət səfərini əhəmiyyətli saymaq olar.
Səfər çərçivəsində keçirilən tədbirlərdə Azərbaycan Prezidenti qeyd edib ki, regional təhlükəsizlik məsələləri həmişə aktualdır. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Keçmişdə Rusiya ilə münasibətlərdə müəyyən gərginliklər, suallar olub: Amma ikinci Qarabağ müharibəsindəki qələbəmizdən, separatizmə son qoyduqdan və rus hərbi kontingenti Qarabağı tərk etdikdən sonra münasibətlərdə elə bir problemli mövzu qalmayıb. Tərəfdaşlıq var, ticarət mübadiləsi artır, Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində əsas açar dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan da bu nəqliyyat dəhlizinin işə düşməsində maraqlıdır. Sadəcə bunun üçün Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini sürətləndirməlidirlər.
Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Biz Rusiya ilə münasibətlərdə problemlər istəmirik. İqtisadi-ticarət əlaqələrinin inkişafı da diqqətimizdədir. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə, siyasi münasibətlərdə də hər hansı sualların yaranmayacağını ehtimal etmək olar.
İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3dəimzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. Bizim strateji müttəfiqlik haqqında birgə Bəyannaməmiz var. Düşünürəm ki, sözügedən Bəyannamədə beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi kimi məsələlərin qeyd olunması 10 noyabr 2020-ci il tarixli Bəyanatda əskini tapan məsələlərin daha əsaslı, hüquqi nöqteyi-nəzərdən yerinə yetirilməsi istiqamətində Azərbaycana əlavə avantaj və rıçaqlar qazandırır.
Dövlətlərimiz müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir tərəfin marağı olduğu təqdirdə normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edirlər.
Elxan Xudaşlı,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı