Məcra.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.
Azərbaycanda araşdırma ehtiyacını yox edən milli və kütləvi bir klişe var: “Çox dərinə getmə!” Xalqımız dərinlikdən qorxur, dərin adamlarını də buna görə uzaqdan sevir. Dibini görə bildiyi dayazlıqlarda özünü təhlükəsiz hiss edir.
Son üç gündə iştirak etdiyim Şuşada “Vaqif poeziya günləri”ndə bu mənzərənin bir daha şahidi oldum: Molla Pənah Vaqifin yaradıcılığına, şəxsiyyətinə daha dərindən vaqif olmamaq üçün ona səmədvurğuncasına yanaşmaq, yəni üzdən, səthi, araşdırmadan. Vaqifi qucaqlamaq üçün əsl həqiqəti ərazidən uzaqlaşdırıb, bəlağətə saqqal-bığ qoyaraq həqiqət kimi təqdim etmək. Rusların xoşuna gəlmək üçün Vaqifdən yaşca da, başca da böyük olan və ondan daha çox təmiz Azərbaycan türkcəsində yazan kasıb Molla Vəli Vidadini unudub, siyasi konyukturanın qoruduğu vəzir Vaqifin Vurğunu olmaq. Yəni dərinə getməmək!
Biz mədəniyyətin bərk halını sevirik.
Mədəniyyət bizə daş şəklində, metal şəklində, medal şəklində lazımdır.
Funksionallığını itirmiş mədəniyyətin heyranıyıq.
Tərpənən, işlək mədəniyyət bizi cin atına mindirir.
Bizi maraqlandıran mədəniyyətin praktik yox, romantik əhəmiyyətidir.
Ən yaxşı mütəfəkkirimiz ölü mütəfəkkirdir.
Ölülərin dalınca danışmağı qadağan edirik. Halbuki ölüləri mühakimə, müzakirə etmədən bir xalq öz tarixini, keçmişini obyektiv dəyərləndirə bilməz.
Ölülərin mühakiməsinə qoyduğumuz qadağa da dərinə getmək xofumuzdan qaynaqlanır.
Cəlil Məmmədquluzadə “Ölülər”ində xalqın öz ölülərinin dirilməsindən ehtiyat etməsini göstərməklə bunu demək istəyirdi: yer üzündə bir millət var, dərinə, “ölülər dünyasına” getməkdən qorxur. Çünki öldürüb basdırdığı əsl həqiqətlə üzləşmək istəmir.
“Vaqif poeziya günləri” özünün canladırılan mənzərəsiylə məni üç gün boyunca yaşadığımız müstəqillik illərindən alıb, müstəmləkəçilik illərinə apardı. Və bir daha inandım ki, müstəqil Azərbaycan müstəmləkə Azərbaycanı qarşısında mədəni bir suçluluq kompleksi keçirir. Sanki, müstəqil olduğu üçün peşman olub müstəmləkəçilikdən bağışlanmasını istəyir, üzrxahlıq edir.
Mədəniyyətimizi bu gün inkişafdan saxlayan da müstəmləkəçiliyə qarşı duyduğumuz bu üzrxahlıq ehtiyacıdır.
Azərbaycanın müstəqilliyi otuz ildir müstəmləkəçiliyin könlünü almaqla, azadlıq əldə etdiyi üçün ondan üzr istəməklə məşğuldur və müstəqilliyimiz, elə bil, müstəmləkəçiliyin onu bağışlamayacağından qorxur, ehiyat edir.
Müstəmləkəçiliyin mədəni hipnozundan ayıla bilmir cəmiyyət. Bu da onun özünün mədəni gerçəkliyini dəyərələndirə bilməməsinə yol açır. Bizi ilk daşı atmağa qoymayan səbəb günahımızın olması deyil, biz günaha batmamaq üçün ilk daşı atmaqdan qorxuruq.
Unuduruq ki, ilk günah ilk azad seçimdən doğulmuşdu. Cənnət alması ilk insanın azad seçimi idi.
Azadlığımız əsarətimizin qarşısında aşkar bir gözükölgəlilik hiss edir və bu boynubüküklük bütün dünyadan görünür.
Bütün dünyadan görünür ki, müstəmləkəçiliyimiz nə buyurursa, müstəqilliyimiz qaça-qaça onu edir. Müstəqilliyimiz müstəmləkəçiliyimizin bir sözünü iki eləmək cəsarətinə sahib deyil.
Bu gün Azərbaycanda “mədəniyyət” kəlməsi dilə gələn kimi müstəqilliyimiz qaçıb gizlənir, ya da özümüz onu gözə görünməsin deyə şifonerə soxub ağzını bağlayırıq. Ən yaxşı halda müstəqilliyimiz ortalıqda özünü müstəmləkəçiliyin kənizi, qulbeçəsi kimi aparır.
Müstəmləkəçilik bu gün müstəqil Azərbaycanda özünün ikonaları ilə təmsil olunur. Mədəniyyətimizin bütün sahələri bu ikonaların donuq simaları qarşısında oğlunu qurban kəsməyə hazır olan İbrahimin vəziyyətində dayanıb.
Azad Şuşa! Sənin qoynunda heç bir əsarətin izlərini bir daha görməmək ümidiylə xoşca qal!
“Kulis.az”