“Hacıqabul rayonunda yerləşən Navahı kənd tam orta məktəbi yararsız haldadır”.
Bununla bağlı Oxu.Az-a kənd sakinləri şikayət ünvanlayıblar.
Qeyd olunub ki, məktəbdə vəziyyət acınacaqlıdır:
“1970-ci ildə tikilən məktəbdir. Divarları uçub tökülüb, dəhliz, qapı-pəncərə sistemi demək olar ki, yox səviyyəsindədir. İstilik sistemi ümumiyyətlə yoxdur. Qışda odun sobası ilə qızdırmağa çalışırıq. Neçə ildir övladlarımız bu cür şəraitdə məktəbə getməli olurlar”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Navahı kəndində yeni məktəb binasının tikintisinin aparılması üçün ilkin sənədləşmə işləri başa çatdırılıb.
“Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində 177 ümumtəhsil, 53 məktəbəqədər, 7 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Son 2 ildə Regional Təhsil İdarəsinin tabeliyində olan 60 təhsil müəssisəsi təmir olunub, 7 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib.
Hacıqabul rayonu M.Ağayev adına Navahı kənd tam orta məktəbi ilə bağlı yolladığınız sorğuya cavab olaraq bildiririk ki, məktəb binasının mövcud vəziyyəti barəsində məlumatlıyıq və bu istiqamətdə müvafiq addımlar atılıb.
Belə ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən M.Ağayev adına Navahı kənd tam orta məktəbinin binasında əsaslı təmir işlərinin aparılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti Təchizat İdarəsinə rəsmi müraciət olunub.
Hacıqabul rayon Navahı kənd M.Ağayev adına tam orta məktəbin mövcud binasının sökülərək yerində yeni məktəb binasının tikintisinin aparılması üçün ilkin sənədləşmə işləri başa çatdırılıb.
M.Ağayev adına Navahı kənd tam orta məktəb binasının layihəsi təsdiq olunduqdan sonra yeni məktəb binasının tikinti işlərinə başlanılacaq”, – deyə açıqlamada qeyd olunub.