Masallıda körpə ölümü qeydə alınıb.
Məcra.az APA-ya istinadən xəbər verir ki, rayonun Böyük Təklə kənd sakini 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova doğuş üçün Masallı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə müraciət edib.
Ananın müayinəsi aparılıb və Lənkəran Regional Perinatal Mərkəzə göndərilib.
Lənkəran Regional Perinatal Mərkəzdə bildiriblər ki, doğuş təbii yolla olmalıdır və burada qalmağı məsləhət görülüb. Özünü yaxşı hiss etdiyini deyən ana yenidən Masallıya qaytarılıb. Bu səhər ağrıları olan S. Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib. Yaxınları bildirir ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.
TƏBİB-dən bildirildi ki, ötən gün Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Qubadova Səfurə Elvin qızı 40 həftəlik dölün ( USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub:
“Müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib. Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib. İyulun 16 iyul saat 04.00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub”.