Azərbaycan əsgərinin vətənpərvərlik ruhu yenilməzdir

Azərbaycan Silahlı Qüvvələri daim Vətənin keşiyində dayanaraq ölkənin təhlükəsizliyini, müdafiəsini və ərazi bütövlüyünün qorunması təminatını ən yüksək səviyyədə həyata keçirir. Bir daha əminliklə qeyd etmək istərdik ki, qalib Azərbaycan Ordusu bundan sonra da xalqımızın və dövlətimizin etimadını şərəflə doğruldacaq, hərbi intizamını artıracaq, döyüş və mənəvi-psixoloji hazırlığını yüksəldəcək və Müzəffər Sərkərdəmiz, cənab Ali Baş Komandanımız İlham Əliyevin növbəti əmr və tapşırıqlarını yerinə yetirmək üçün hər an hazır olacaqdır.

Qürurverici haldır ki, müharibədə əsgərlərimiz mərdliklə, böyük ruh yüksəkliyi ilə döyüşdü. Azərbaycan Ordusu ədalətli mövqe və dönməz iradə nümayiş etdirərək işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu döyüşlər ordu ilə xalqın birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Düşmənlə yanaşı, bütün dünya gördü ki, xalqımız öz ordusuna inanır, ordumuz isə xalqa arxalanır. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.

. Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi.  Zəfər muzeyləri. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Azad  edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilir.

Bütün bunlar Azərbaycan əsgərinin döyüş ruhunun, mərdlik xaraktaerinin gücləndirilməsində mühüm rol oynayır. Məhz bunu sayəsində uzun illər beynəlxalq təşkilatların sülh yolu ilə həll edə bilmədikləri, əslində isə həll etməyə borclu olduqları münaqişəni Azərbaycan öz gücü, səriştəsi hesabına həll etdi. Allah zəfərimiz yolunda canını qurban verən şəhidlərimizi rəhmət etsin! Qazilərimizə isə şəfa diləyirəm.

Silahlı Qüvvələrimizin yaradılmasını qeyd etdiyimiz bu günlərdə bir daha söyləməyə  haqqımız çatır ki, dövlətimiz öz ordusunu gücləndirir və əminik ki, Şuşa Bəyannaməsində də qeyd edildiyi kimi, Azərbaycan Türkiyə ordusunun modelində öz ordusunu müasir tələblərə cavab verəcək formada yenidən quracaq.

 

Vahid Mirzəyev,

Cəlilabad RİH-nin şöbə müdirin müavini,

ehtiyatda olan polkovnik leytenant

PAGE TOP