Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunduğu iddia edilir.
Məcra.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda tibb bacısı ana olan xanımı və yoldaşını otağa dəvət edərək onlara “gözaydınlığı” verib. Məlumata görə, doğulan körpənin atası qazidir və tibb bacısı qazidən “şirinlik” (rüşvət) tələb edib:
“Qızın atası, bilirsən ki, atalar qızını, qızlar da atasını çox istəyirlər. Təbrik edirik sizi, 2 kq 400 q çəkidə qızınız olub. Hər ikisi yaxşı vəziyyətdədir, narahat olmayın. İndi sizi də görək. Görək atası qızını nə ilə qarşılayır”.
Qazi ona 150 manat pul verir və şirinliyin qədərinin önəmli olmadığını vurğulayır. Qazi müəssisənin dövlət xəstəxanası olduğunu xatırlatsa da, tibb bacısı rüşvətin qədərinin mühüm olduğunu deyir:
“Bu, birinci doğuş üçün çox azdır. Bu pulu çox bilirsənsə, götür, get, səninlə mübahisə edə bilmərəm, yorğunam”.
Qazi Qarabağda döyüşdüyünü, böyrəyinin fəaliyyətinin pozulduğunu, sağlamlığını döyüşlərdə fəda etdiyini dedikdə isə tibb bacısının ona verdiyi cavab insanlarda qıcıq yaradıb:
“Nə olsun ki, bura dövlət müəssisəsidir? Qarabağda döyüşmüsən, lap yaxşı. Kişisiniz, getməlisiniz də, mənim də yoldaşım gedib. Mənim üçün yox, öz anan, bacın üçün döyüşmüsən”.
Məsələ ilə bağlı aidiyyəti üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, iyunun 19-u saat 11:05-də 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəzdində yerləşən 4 saylı doğum evinə müraciət edib:
“19.06.2024-cü il tarixində Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gəlib.
Görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək”.