2013-cü ildə çap etdirdiyi “Daş yuxular” romanından sonra Azərbaycan ictimaiyyətinin kəskin etirazı ilə üzləşən Əkrəm Əylisli doğma kəndi Əylisə qayıtmaq istəyir.
Bu barədə Yenisabah.az-a danışan 86 yaşlı yazıçı kənd camaatının da onun üçün darıxdığını bildirib. Onun sözlərinə görə, doğma kəndində heç kəs yazıçıdan inciməyib:
“Mənim Əylis kəndi üçün ürəyim əsir. İşimə xitam verilib vəsiqələrim geri qaytarılan kimi doğma kəndimə getmək istəyirəm.
İnsanlarda elə bir fikir yaranıb ki, Əylis camaatı məndən incikdir, amma belə deyil, bunlar yalandır! Əylis camaatının da məndən ötrü ürəyi əsir, mən onların gözünün qabağında böyümüşəm. Ailəm də, nəslim də hər kəsə məlumdur.
O kəndin insanı siyasiləşib şərləmək mühitinə qapılmayıb. Onlar insan olaraq özlərini saxlayıblar, nə baş verdiyini də anlayırlar”.
Əkrəm Əylislinin sözlərinə görə, illər əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov başqa kəndlərdən insanları Əylis kəndinə toplayıb və yazıçıya qarşı qaldırıb:
“O vaxt Vasif Talıbov Ordubadın bütün kəndlərindən, Naxçıvandan adamları gətirib etiraz etmək üçün yığmışdı Əylisə. Mən həmin görüntülərə baxanda gördüm ki, o kütlənin içərisində Əylisin camaatı 4-5 nəfər idi, qalan hər kəs ordan-burdan yığılmışdı və qışqırırdılar ki, Əkrəm Əylisli ermənidir, kitablarını yandıraq. O adamların əksəriyyəti simasını itirmiş şəxslər idi, lakin Əylis camaatı onların içində yox idi. Həmin vaxt mətbuata danışan bircə nəfər Əylis kəndindən olan adam var idi. O da karyerasını itrmiş biri idi, elə bilirdi ki, bu cür danışsa, onu vəzifəsinə bərpa edəcəklər. 3-5 manata görə hər şey etməyə hazır olan insanlar hər yerdə var.
O vaxt vəziyyət məhz bu cür idi.
Ümid edirəm ki, tezliklə mənə cavab veriləcək və mən doğma kəndimə qayıda biləcəm”.