Azərbaycan Prezidenti İlham Əliyevin Misirə iyun səfəri, aparılan danışıqlar, keçirilən müzakirələr və qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlərin imzalanması münasibətlərdə yeni inkişaf səhifəsinin açıldığını deməyə əsas verir.
Misirə rəsmi səfəri çərçivəsində verdiyi bəyanatda dövlətimizin başçısı Azərbaycan-Misir münasibətlərinin çox yaxşı səviyyədə olduğunu, ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğunu qeyd etdi. Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı.
Prezident İlham Əliyev ikinci dəfə Əl-Əzhəri Şərifdə olmağından və böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan İslam həmrəyliyinə töhfə verir və bu istiqamətdə qardaş müsəlman ölkələri ilə birlikdə səylərini davam etdirir.
Cənab İlham Əliyev Azərbaycan torpaqlarının işğalı dövründə Azərbaycanın İslam dininə aid maddi-mədəniyyət abidələrinin, o cümlədən 67 məsciddən 65-nin tamamilə dağıdıldığını diqqətə çatdırdı. Azərbaycan Prezidenti Şuşa şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasının və bu çərçivədə Şuşada keçirilən tədbirlərin önəmini vurğuladı.
Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu ziyarətə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi və Misirlə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd etdi. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu bildirdi, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirdi. O, Əl-Əzhəri Şərifin Azərbaycanda ərəb dilinin tədrisinə öz dəstəyini verməyə hazır olduğunu vurğuladı, Əl-Əzhərdə azərbaycanlı tələbələrin də təhsil aldıqlarını diqqətə çatdırdı. Ölkəmizdə ərəb dilinin tədrisinə dəstək niyyətinə görə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev tarixən Azərbaycanda ərəb dilinin və İslam mədəniyyətinin tədqiqinə və tədrisinə böyük diqqət yetirildiyini vurğuladı.
Cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda qeyd edib ki, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır.
Prezidentimizin Misir səfəri həm iki ölkə əlaqələrinin inkişafı, həm də Misir rəhbərliyinin COP29-la bağlı Azərbaycana beynəlxalq platformalarda dəstək verməsi önə çıxan əsas məqamlarından biri oldu.
Elçin Zeynalov
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı