Məlum olduğu kimi Prezident İlham Əliyev cari ilin 8 iyunun tarixində Misirin paytaxtı Qahirəyə rəsmi səfər edib. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev mətbuata bəyanatında deyib: “Hörmətli cənab Prezident, Sizin tərəfinizdən aparılan islahatlar Misir dövlətinin imkanlarını böyük dərəcədə gücləndirə bilmişdir. Misir bu gün yerləşdiyi bölgədə sabitləşdirici rol oynayır. Biz bunu çox təqdir edirik və əldə olunmuş nailiyyətlərlə öz dostlarımızı səmimiyyətlə təbrik edirik. Əminəm ki, bizim ikitərəfli əlaqələrimizin uğurlu inkişafı xalqlarımız və dövlətlərimiz üçün çox faydalı olacaq. Eyni zamanda, yerləşdiyimiz bölgələrə də əlavə sabitlik gətirəcəkdir. Çünki sabitlik olmadan heç bir ölkə uğurla inkişaf edə bilməz”.
Bəyanatında Azərbaycanın 30 ilə yaxın çəkən işğala hərbi-siyasi yollarla son qoyduğunu, öz ərazi bütövlüyünü gerçəkləşdirdiyini, BMT-nin dörd qətnaməsini özü icra etdiyini bildirən Prezident İlham Əliyev həmin qətnamələrin adıçəkilən nüfuzlu təşkilatın özü tərəfindən icra edilməli olduğunu diqqətə çatdırdı. “BMT Təhlükəsizlik Şurasının islahatlarının labüdlüyü məhz buna əsaslanır. Çünki biz 30 ilə yaxın bu qətnamələrin icrasını gözləmişik, amma bunu görməmişik. Yəni, burada həm ikili standartlar hökm sürürdü, həm ayrı-seçkilik hökm sürürdü. Biz bu müharibəni apararaq işğala son qoyduq və ədaləti bərpa etdik. İndi isə azad edilmiş torpaqlarda qurub-yaradırıq və bütün dağıntıları görərkən bir daha görürük ki, biz Azərbaycanı və bölgəni hansı bəladan qurtardıq”, – deyə dövlətimizin başçısı vurğuladı.
Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır. Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.
“Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk.”, – deyə dövlətimizin başçısı qeyd etmişdir.
Əminik ki, hər iki ölkənin regionda və dünyada sabitliyin bərqərər olmasına yönəlmiş səyləri inkişafın sürətləndirilməsinə mühüm töhfə verir, bunun sayəsində ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.
Zaur İsazadə,
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı