Kartof əkini ilə məşğul olan fermerlər bu il də qiymətin aşağı olmasından gileylənirlər. Ölkənin cənub bölgəsində, xüsusən də Cəlilabadda kartofun qiyməti kəskin ucuzlaşıb. Fermerlər bildirib ki, sezonun başlanğıcında 60-70 qəpiyə təklif olunan məhsulin qiyməti indi 30-40 qəpiyə düşüb. Bu isə onların zərərə düşməsi ilə nəticələnib. Fermerlər qiymətlərin süni şəkildə aşağı salınmasına görə vasitəçilik edən, el arasında “dəllal” adlandırılan şəxsləri günahlandırırlar. Onların sözlərinə görə, dəllallar fermerlərdən kartofu ucuz qiymətə alıb baha satırlar. Bir sözlə, bu şəxslər fermerlərin kartof alıcıları ilə birbaşa təmasına imkan vermir.
İqtisadçı Natiq Cəfərli Bakupost.az -a açıqlamasında sahələrdə kartofun ucuz olmasına baxmayaraq, market və bazarlarda qiymətin ucuzlaşmasının müşahidə edilmədiyini bildirdi:
“Cəlilabad ənənəvi kartof rayonudur. Qiymətlə bağlı rəqəmlər isə qəribədir. Çünki rəsmi statistikaya görə, ötən ilin eyni dövrü ilə nisbətdə bu il Cəlilabadda kartof istehsalı artmayıb. Hətta azalmalar var. Yəni məhsulun həcminin azalması iqtisadi qanunlara görə, qiyməti artırmalı idi. Amma görünən odur ki, qiymətin aşağı düşməsinin başqa səbəbləri var. Səbəblər ola bilər ki, başqa rayonlarda məhsul bolluğu ilə əlaqəlidir. Amma yerində olan qiymətlərin hələ ki, bazara yansımadığını görmürük. Yəni nə marketlərdə, nə də bazarlarda kartofun qiymətində kəskin ucuzlaşma yoxdur”.
İqtisadçı bildirib ki, qiymətin süni şəkildə aşağı salınmaması üçün fermerlərin birbaşa bazara çıxışı təmin edilməlidir:
“Bu bir daha o məsələni gündəmə gətirir ki, fermerlərin əldə etdiyi məhsulun bazara vasitəçilərsiz çıxarılması mexanizmi yaradılmalıdır. Yəni belə məlum olur ki, vasitəçilər fermerlərin özündən daha çox qazanırlar. Bu, doğru yanaşma deyil. Ona görə də uzun illərdir təklif olunur ki, tarladan və yaxud da torpaqdan süfrəyə fermerin birbaşa çıxışını təmin edə biləcək mexanizmlər yaradılmalıdır. Bunun üçün dövlətin əlində kifayət qədər alətlər var. Məsələn, böyük marketlər şəbəkəsinə birbaşa fermer təsərrüfatlarıyla müqavilə bağlamağın daha sərfəli olduğu ilə bağlı müəyyən güzəştlər tətbiq oluna bilər. Yəni hansı marketlər şəbəkəsi birbaşa fermerlərlə müqavilə bağlayacaqlarsa və o məhsulları öz ticarət şəbəkələrində satacaqlarsa, onlara dövlət tərəfindən vergi güzəştləri tətbiq etmək olar ki, onların buna marağı yaransın. Ona görə də nə qədər ki, bu mexanizm işlənib həyata keçirilmirsə, fermerlər məhsullarının bazara çıxarılmasıyla bağlı problem yaşayırlarsa, qiymətlə də bağlı problem yaşayacaqlar”.
Vasif Əlihüseyn
BakuPost