Erkən nikah Azərbaycanın ailə genefonduna təsir baxımından aktual problem kimi qalmaqdadır. Çünki ölkədə hələ də 15-16 yaşlı qızı zorla ərə verənlər var. Bu, qanunla qadağan olunsa da, bəzi ailələr buna əhəmiyyət vermirlər. Uşaqlar erkən evliliyə cəlb olunduqda təhsildən kənarda qalır və ağır ailə yükünü çiyinlərində daşımağa məcbur edilirlər. Nəticədə ailələrdə zorakılıq hallarının sayı artır. Erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ortaya çıxır. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə cəmiyyət üçün artıq yükə çevrilə bilir.
Bakupost.az -a açıqlamasında Bakı Qızlar Universitetinin təsisçisi, professor Ağarəhim Rəhimov cəmiyyətdə erkən nikah probleminin həlli üçün maarifləndirmə, eləcə də yeniyetmə qızların təhsilə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Dünyada ilk dəfə Cənubi Koreyada qızlar məktəbinin fəaliyyətə başladığını bildirən alim valideynlərə çağırış edib:
“Qadın təhsili dünyanın ən böyük prioritetlərindəndir. Onun başlıca məqsədi analar yetişdirmək, gələcək nəsilləri əxlaqi-mənəvi cəhətdən formalaşdırmaqdır. Bu təhsil dünyada tarixən yüksək dəyərləndirilib. Təsadüfi deyil ki, ilk dəfə 1797-ci ildə Cənubi Koreyada təsis olunan Qızlar Universiteti, onun köklü və fundamental ideyaları sonralar dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ və Kanadada Qız kollecləri, Fransa, Almaniya, Rusiya, Qərbi Ukraynada Qızlar seminariyaları, Misirdə və Səudiyyə Ərəbistanında Qızlar Universitetləri adları altında fəaliyyət göstəriblər”.
Ötən əsrin əvvəllərində Azərbaycanda da qızlar üçün məktəblərin fəaliyyət göstərdiyini xatırladan A.Rəhimov 1992-ci ildə Bakıda Qızlar Universitetini yaratdığını diqqətə çatdırıb:
“Azərbaycan müstəqillik qazandığı ərəfədə, 1992-ci ildə biz Bakı Qızlar Universitetini yaratmağa nail olduq. Sonralar Azərbaycanın nümunəsində Qazaxıstan, Belarus və Özbəkistanda da qızlar üçün institut və universitetlər təsis olundu. Bu təhsil ocaqlarının başlıca istəyi mühəndis, həkim, hüquqşunas deyil, müəllim, tərbiyəçi analar yetişdirməkdir. Bunlarsız nə əxlaq, nə mənəviyyat, nə də normal cəmiyyət olar. Anaların ruhundan süzülüb gələn ideyalar insanlığın cəmiyyətə ötürdüyü saf düşüncə meyarlarıdır”.
Vasif Əlihüseyn
BakuPost