Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Çox kiçikdir bu dünya…” adlı kitabı “Vektor” Beynəlxalq Nəşrlər Evində çapdan çıxmışdır. Qarabağ mövzusunda əsərləri ilə oxucuların rəğbətini qazanmış müəllifin ictimaiyyətə təqdim olunan sayca on səkkizinci kitabında povest və hekayələri toplanmışdır.
Modern.az xəbər verir ki, yazıçı yaradıcılığının əbədi mövzusundan bu dəfə də yan keçməyib. Kitabın “Qarabağ hekayətləri” bölümündə qanlı savaşın həyatımıza gətirdiyi fəlakətləri əks etdirən, təməli yurdsevərlik olan barıt qoxulu bədii nəsr nümunələri yer almışdır. Həmin hekayələrdə Birinci Qarabağ savaşı dönəminə məxsus nəslə vurulmuş psixoloji zərbələr, işğal illərində yaşadığımız iztirab və kədər, erməni quldurların törətdikləri ağlasığmaz vəhşiliklər, bütün bunlara rəğmən millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruqtək birləşərək intizarında olduğumuz böyük Qələbəyə çatmaq üçün göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin rəşadəti, hər birimizə böyük sevinc bəxş edən möhtəşəm Zəfərimiz olduqca real, inandırıcı əks etdirilmişdir.
Müəllif kitabın “Həyat hekayələri” bölümündə gerçəkliyə sadiq qalaraq, üzüntülü, təzadlı olaylara baş vurur, narahat dünyamızın əzəli-əbədi dəyərlərindən söz açır. Qələm sahibi insan xarakterlərinin toqquşmasını fərqli ədəbi prizmadan, təxəyyülünün izharı, bədii ifadəsi, həm də rəvan dillə çatdırır, maraqlı, qeyri-adi situasiyalarda əks etdirdiyi hadisələrlə bağlı hiss və duyğularını bölüşür.
Kitabın redaktoru tanınmış şair-publisist, professor Elçin İsgəndərzadədir, kompüter qrafikası Həsənağa Ədalətoğluna məxsusdur.
Qeyd olunmalıdır ki, Zemfira Məhərrəmli yaradıcılıq uğurlarına görə Həsən bəy Zərdabi, «Qızıl qələm», Beynəlxalq Mahmud Kaşğari və Rəsul Rza mükafatlarına layiq görülüb. Müəllif “Vektor” Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat ödülünün sahibidir. Əsərləri ingilis, rus, fars, özbək dillərinə çevrilib, Türkiyə türkcəsinə uyğunlaşdırılıb.