Azərbaycan-Belarus münasibətlərinin yeni inkişaf mərhələsi

“Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır. Təbii ki, biz onun təkcə işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirakına yox, həm də Ermənistanın tərəfdaşı, Ermənistanla bərabər Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, eləcə də Azərbaycanın yaxın dostu, dünyada nüfuzlu ölkə kimi fəal iştirakına ümid bəsləyirik. Əlbəttə, mən əminəm ki, o, gələcəkdə Ermənistan ilə Azərbaycan arasında əlaqələrin nizamlanmasında mühüm rol oynaya bilər”. Bunu Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Bu səfər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Belarus prezidentləri arasında, iki dövlət və iki xalq arasında çox sıx dostluq münasibətləri mövcuddur, bu münasibətlər qarşılıqlı hörmətə və qarşılıqlı faydalı əməkdaşlığa söykənir.

Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır. Belarus Prezidenti iki ölkə arasında münasibətlərin dinamik inkişafından məmnunluq hissi duyduğunu bildirmiş, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən razılıq ifadə etmiş, regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.

Belarus bütün tarix boyu Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanı isə bizə qarşı ərazi iddialarından əl çəkməyə çağırıb: “Azərbaycan isə Belarusun daxili işlərinə qarışmağın yolverilməzliyini dəfələrlə bəyan edib və bu istiqamətdə öz siyasətini formalaşdırıb. İki ölkə arasında çox sıx iqtisadi əlaqələr var. Bir çox sahələr üzrə birgə layihələrimiz fəaliyyət göstərir. Belarus dövlət başçısının Azərbaycana səfəri bütün sahələr üzrə əməkdaşlığı yenidən nəzərdən keçirməyə, əməkdaşlığın yeni formasını tapmağa, birgə iqtisadi layihələr həyata keçirməyə imkan verəcək. Azərbaycan-Belarus münasibətləri başqa ölkələr üçün də nümunə ola bilər.

Prezident Aleksandr Lukaşenko deyib ki,  “bir-birimizin ölkəsinə tez-tez səfər etməyimizə baxmayaraq, danışdığımız kimi, Sizin bizim ölkəyə səfərinizi hazırlayacaq Baş nazirinizi respublikamızda görməyə şad olacağıq. Ən başlıcası isə dost kimi və mənim şəxsən dostum kimi Sizə və qardaş Azərbaycan xalqına bu ağır  dirçəliş dövrünü uğurla başa vurmağı və qarşınıza qoyduğunuz planları yerinə yetirməyi arzu edirəm. Əminəm ki, Siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, Siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız”. Belarus Prezidenti həmçinin bəyan edib ki, “İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır.

 

Elçin Hüseynov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

PAGE TOP