Mayın 20-də İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş konfrans keçirilib.
Məcra.az xəbər verir ki, İsveçdəki “Qobustan” Aydınlar ocağının təşkilatçılığı ilə keçirilən yığıncaqda Azərbaycan səfirliyinin, Diaspor komitəsinin, Stokholm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“M.Ə.Rəsulzadə iris Azərbaycanın mədəni və ictimai fikir tarixində” adı ilə keçirilən konfransı tədbirin təşkilat komitəsinin sədri , Geteburq universitetinin professoru Səadət Kərimi açıb.
Azərbaycanın Dövlət himni səslənib, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi yad edilib, Prezident İlham Əliyevin “M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması haqqında sərəncamı oxunub. Konfransda AMEA-nın Şərqşünaslıq institutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi iştirakçıların geniş marağına səbəb olan “Rəsulzadə və Azərbaycan milli dövlətçiliyi” mövzusunda məruzə ilə çıxış edib.
Konfrans iştirakçıları BDU-nun kafedra müdiri, professor Qulu Məhərrəmlinin “Mətbuat azadlığı demokratik dəyər kimi. M.Ə.Rəsulzadənin siyasi baxışları kontekstində” adlı məruzəsini də maraqla qarşılayıblar. Hər iki alim toplantı iştirakçılarının suallarına cavab veriblər. Konfransda həmçinin “Rəsulzadənin virtual Ev-Muzeyi”, xalq artisti Alim Qasımovun ifasında “Məhəmməd Əmin” musiqi parçası, həmçinin “Bütöv Azərbaycan” videosu nümayiş etdirilib.
Sonda Rəsulzadələr ailəsi adından çıxış edən Nazim Rəhimov elmi yığıncağı yüksək səviyyədə təşkil edənlərə öz təşəkkürünü bildirib.
Hazırladı: Səbinə