İran prezidenti İbrahim Rəisi və digər rəsmilərin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkədə milli matəm elan olunub.
Həmçinin bu həftə İranda bütün idman tədbirləri də ləğv edilib.
Mənbə: kp.ru
10:50
Helikopter qəzasında həlak olan İran prezidenti və rəsmilərinin Əhvazda vida mərasimi keçiriləcək.
Bununla bağlı “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, İbrahim Rəisi və onunla birlikdə hellikopter qəzasında dünyasını dəyişənlərin vida mərasimi İmam Xomeyni məscidində baş tutacaq.
10:05
İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədləri Təbrizə göndərilib.
Məlumata görə, axtarış əməliyyatı başa çatıb.
Bu barədə Qızıl Aypara Cəmiyyəti xəbər yayıb.
Mənbə: TASS
09:37
İran Prezidenti İbrahim Rəisi və digər rəsmiləri daşıyan helikopterin qəzaya uğradığı yerin görüntüləri yayılıb.
Qeyd edək ki, aviaqəzanın baş verdiyi yeri Türkiyəyə məxsus pilotsuz uçuş aparatı müəyyən edib.
İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivəndin sözlərinə görə, xilasedicilər helikopteri bazar ertəsi səhər tezdən (helikopterin yoxa çıxmasından 12 saat sonra) təxminən 2 kilometr məsafədən görüblər.
09:36
İranda prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin cəsədlərinin tanınması prosesinə başlanılıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Öz növbəsində İranın vitse-prezidenti Möhsün Mənsuri prezident İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzasında həlak olması xəbərini təsdiqləyib.
İran dövlət televiziyası da İbrahim Rəisinin öldüyünü açıqlayıb.
07:29
İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopterin qalıqları tapılıb, ancaq qəzadan sağ çıxan olmayıb.
Bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivand deyib.
“Qəzaya uğramış helikopter qalıqlarının tapıldığı yerdə sağ qalmış sərnişin olmayıb”, – Kolivand IRIB-ə bildirib.
06:05
İran prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdə olan sərnişinlərin siyahısı açıqlanıb.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, qəza zamanı helikopterin göyərtəsində prezidentdən başqa Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi, İmam Cümə Təbrizi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti, pilot, ikinci pilot, sərnişin köməkçisi, mühafizə dəstəsinin rəhbəri və mühafizəçilərdən biri olub.
04:39
İran Prezidenti İbrahim Rəisinin helikopterinin göyərtəsində olan Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli əl Haşimi iki dəfə telefonla əlaqə saxlayıb və səhhətindən şikayətlənib.
Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Mehdi Səfəri bildirib.
“İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterin qalıqları olduğu ehtimal edilən yer müəyyən edilib. Bir neçə dəqiqə əvvəl hadisə yerində olan heyət üzvünün helikopterindən və mobil telefonundan bir siqnal alındı. Hazırda biz bütün hərbi qüvvələrlə sözügedən bölgəyə yola düşürük və ümid edirəm ki, insanlara müjdə verəcəyik”, – “Tasnim” agentliyi ondan sitat gətirib.
Xatırladaq ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.
00:38
İranın “Fars” agentliyi Rəisinin helikopterinin axtarışı üzrə əməliyyatın yeni görüntülərini paylaşıb.
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi və bir neçə dövlət rəsmisinin olduğu helikopter 19.05.2024 tarixində Şərqi Azərbaycan əyalətində qəza enişi edib. Helikopterin axtarışı davam edir.
Sözügedən görüntüləri təqdim edirik:
23:46
“İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır”.
Bunu Qırmızı Aypara Cəmiyyətinin Baş katibi Yaqub Süleymani bildirib.
Cəmiyyətin fövqəladə halların idarəedilməsi qərargahına gələn Süleymani qeyd edib ki, qəza zonasına 15 çevik xilasetmə qrupu göndərilib. Beş operativ qrup isə Aerokosmik Təşkilatın təqdim etdiyi koordinatlara yaxınlaşıb.
“Bizdə prezidentin olduğu helikopterdən iki nəfərin zəng vurduğu barədə məlumatlar var, bunlar araşdırılır”, – Süleymani bildirib.
22:04
İbrahim Rəisinin qəza enişi edən helikopterində olan iki nəfərlə əlaqə saxlanılıb.
ISNA-nın məlumatımna görə, bunu vitse-prezident Mohsen Mansuri deyib.
“Qəzadan sonra helikopterdə olan iki nəfərin bizim həmkarlarla əlaqə saxlaması ümidlərimizi artırır”, – Mansuri bildirib.
21:30
Xilasetmə briqadaları İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etdiyi yerə çatıblar.
Bu barədə İran dövlət telekanalının müxbiri bildirib.
Onun sözlərinə görə, ərazidə qaranlıq düşüb və yağış yağır. Palçıq səbəbindən texnika və insanların hərəkəti çətinləşib. Həmçinin, ərazi dağlıq olduğundan xilasedicilər piyada hərəkət edirlər.
20:38
İranın vitse-prezidenti Möhsün Mənsuri ölkənin prezidenti İbrahim Rəisinin helikopterinin sərt eniş etdiyi yerə gedib.
Bu barədə rəsmi hökumət nümayəndəsi Əli Bahadori Cəhromi məlumat verib.
“İcra işləri üzrə vitse-prezident hökumətin bəzi üzvləri ilə birlikdə Təbrizə yollandıb”, – deyə hökumət nümayəndəsi “X” hesabında yazıb.
Qeyd olunur ki, nazir əməliyyat başa çatdıqdan sonra zərərçəkənlərə yardımı koordinasiya etmək üçün axtarış bölgəsindədir.
20:03
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad “Instagram” hesabında hazırkı dövlət başçısı İbrahim Rəisinin öldüyünü elan edib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi isə Prezident İbrahim Rəisinin helikopterinin axtarışı üçün ordunun, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və polisin bütün qüvvələrindən istifadə olunmasını əmr edib.
19:44
“İran prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığında sərt eniş edib”.
Bu barədə ölkənin daxili işlər naziri Əhməd Vahidi məlumat verib.
“Prezident duman səbəbindən çətin eniş edən bir neçə helikopterdən birində geri qayıdırdı, xilasedicilər əraziyə gedirlər, lakin duman və pis hava şəraiti səbəbindən bu bir qədər vaxt apara bilər”, – deyə nazir bildirib.
Qeyd olunub ki, helikopterdə İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və bir neçə İran rəsmisi də olub. Xilasetmə qrupları İran prezidentinin helikopterinin çətin eniş etdiyi əraziyə çatıblar.
Onlar hadisə barədə məlumat verildikdən təxminən bir saat sonra helikopteri axtarmağa başlayıblar. İddia edilən qəza bölgəsində 20 xilasetmə qrupu işləyir və pilotsuz uçuş aparatları yerləşdirilib. Meşəlik dağlıq ərazidə avtomobil yollarının olmaması, eləcə də əlverişsiz hava şəraiti, o cümlədən qatı duman səbəbindən axtarış-xilasetmə işləri təxirə salınacaq.
“Təcili yardım vertolyotu göndərilib, lakin qatı duman səbəbindən yerə enə bilməyib və geri qayıtmaq məcburiyyətində qalıb. Bu bölgədəki duman o qədər güclüdür ki, görmə sahəsini daraldıb”, – deyə İranın fövqəladə hallar xidmətindən bildirilib.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd də bildirib ki, ən azı 40 xilasetmə qrupu axtarışlarla məşğuldur, onlardan biri helikopterin sərt eniş yerinə çatıb.
Daha sonra “Tasnim” agentliyi helikopterin sərt eniş yerinin dəqiq aşkar edildiyini bildirib. Onun sözlərinə görə, bu, İranın Şərqi Azərbaycan əyalətinin Uzi kəndi ərazisində baş verib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin rəsmi “Instagram” hesabında “Mənim üçün dua edin” sözləri ilə paylaşım edilib.
Mənbə: İran KİV
19:27
İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirib.
Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.
İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.
Məlumata görə, hazırda İranın “İRNA” və “Tasnim” xəbər agentliklərinə də giriş məhdudlaşdırılıb.
18:36
“Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.
Qeyd edək ki, bundan əvvəl agentlik tərəfindən verilən məlumata görə, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıblar.
17:48
İran Prezidenti İbrahim Rəisini aparan helikopterin qatı duman səbəbindən məcburi eniş etdiyi bəlli olub.
Məlumata görə, dövlət başçısı avtomobillə Təbrizə gedib.
Hadisənin digər təfərrüatı hələ ki açıqlanmayıb.
Fars Xəbər Agentliyi qəzadan sonra iranlıları prezident üçün dua etməyə çağırıb.
17:14
İran Prezidenti İbrahim Rəisini aparan helikopter sərt eniş edib.
Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.
Xilasedicilər hadisə yerinə yola düşüblər. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.
İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.
17:08
İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb.
Məlumata görə, hava karvanında üç helikopter olub, nazirlər və rəsmilərin olduğu iki helikopter sağ-salamat təyinat yerinə çatıb.
Bildirilib ki, prezidenti aparan helikopterdə Təbrizin cümə imamı Ayətullah əl-Haşem və xarici işlər naziri Əmir Abdullahian da olub.
Prezidenti aparan helikopteri tapmaq üçün axtarış-xilasetmə işləri aparılır.
Mənbə: Tasnim, İRNA, Fars Xəbər Agentliyi, Tass, IRIB