Slovakiya Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq tanıyan ölkələrdəndir. Azərbaycan və Slovakiya arasında diplomatik münasibətlər isə 23 noyabr 1993-cü ildə qurulub. Keçən dövr ərzində Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edib. Azərbaycan Slovakiya ilə münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların, sənədlərin qəbul edilməsinə diqqəti artırır. Nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir.
Mayın 7-də Slovakiya rəhbərinin Bakıya rəsmi səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalandı. Dövlət başçısının da dediyi kimi bu çox ciddi siyasi sənəddir və faktiki olaraq Azərbaycanla Slovakiya arasında münasibətləri ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Bununla yanaşı “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” də imzalanıb.
Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə, eləcə də Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində oynadığı rol xüsusi olaraq qiymətləndirilir:.
Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi uğurla icra edilir. Azərbaycan 8 ölkəyə təbii qazı ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Avropa məkanına etibarlı yollarla nəql edilən qazın həcmi 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə çatdırılacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.
Beləliklə, Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirik ki, bizim müştərək yolumuz çox uğurlu olacaq.
Ağaxan Ağayev,
Cəlilabad təhsil sektorunun əməkdaşı
Vətən müharibəsi veteranı