Mayın 6-da paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində 2 nəfərin – 1998-ci il təvəllüdlü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun ölməsi, 2 nəfərin – 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hadisənin baş vermə şəraitinin, eləcə də zərərçəkmiş şəxslərin ölüm və zəhərlənmə səbəbinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, habelə digər zəruri prosessual hərəkətlər icra olunub.
14:26
Bakıda, məşhur hotellərin birində zəhərlənən iki nəfərin – Xəzər Cabbarlı və Nicat Cabbarlının son durumu açıqlanıb.
Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hər iki şəxs Toksikologiya şöbəsinə qəbul edilib.
Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
13:58
Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.
Bakupost.az xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir.