Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyada səfərdə olarkən verdiyi bəyanatı bəyənirik və alqışlayırıq. Dövlətimizin rəhbəri qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi, həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb.
Prezident həmçinin deyib ki, biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk. Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər.
Almaniyanın xarici işlər naziri bu məsələdə öz dəstəyini göstərmişdir. Növbəti görüş Qazaxıstanda keçiriləcək və beləliklə, biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq.
Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik.
Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırmışdır, buna artıq ehtiyac duyulmur.
Bütün təzyiqlərə baxmayaraq, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir.
Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır. Ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir və sirr deyil. Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdır;
Müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq və hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır.
Müslüm Nuriyev,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Bayxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi