Azərbaycanın beynəlxalq birliyə, ayrı-ayrı təşkilatlara, suveren dövlətlərə münasibəti səmimidir və özünə qarşı da belə davranılmasını istəyir. Dövlətimizin bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib.
Biz qarşılıqlı maraqlara əsasən münasibətlərimizi daim inkişaf etdirmək əzmindəyik. Doğrudur, bu yolda bəzi maneələr də var. Yaxşı ki, Almaniya neytrallıq nümayiş etdirir. Almaniya Fransadan fərqli olaraq alovun üstünə
benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.
Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyada səfərdə olarkən mətbuat konfransında deyib ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.
Prezident qeyd edib ki, Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb. Ümumiyyətlə iqtisadiyyat sahəsində, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. Azərbaycanda qeydiyyatdan keçmiş Alman şirkətlərinin sayı yüzlərlədi. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər.
Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir.
İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Artıq bu sahədə bir neçə böyük layihə həyata keçirilib və davam etməkdə olan layihələr var.
Əminik ki, Almaniya ilə Azərbaycan arasındakı dərin tarixi dostluq hər iki ölkənin xalqlarının rifahı, sülh və
əminamanlıq üçün əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Mədət Nəzərov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Hamarqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi