Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm Qırğızıstan türkdilli dövlətlər sırasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər də fəallaşıb, strateji tərəfdaşlığın tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub.
Azərbaycan Prezidentinin Qırğızıstan Respublikasına səfəri bir daha onu göstərir ki, Azərbaycan ilə Qırğızıstan arasındakı bu münasibətlər çox yüksək səviyyədə qurulmuşdur.
Bildiyimiz kimi, hər zaman beynəlxalq müstəvidə Azərbaycan və Qırğızıstan bir-birinə dəstək olur. Eyni zamanda Azərbaycan-Qırğzıstan münasibətləri dostluq və qardaşlıq münasibətləri səviyyəsindədir. Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub.
Azərbaycan Prezidenti İlham Əliyev Əliyevin cari ilin 24 aprel tarixində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimindəki çıxışında ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkərək qeyd edib: “Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz qırğız ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik.
Azərbaycan xalqı Çingiz Aytmatovu sevir. Xalq onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyir.
Çingiz Aytmatov münasibətlərimizin möhkəmlənməsi işində xidmətlərinə görə Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilmişdir. Təsadüfi deyil ki, o, təkcə yazıçı kimi deyil, həm də ictimai xadim kimi keçmiş SSRİ məkanında və dünya miqyasında böyük hörmət qazanmış şəxsiyyət idi və onun xatirəsi, əlbəttə ki, qırğız xalqının, bütün qardaş xalqların qəlbində yaşayır.
Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin açılışı dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq. Çingiz Aytmatov dünyaşöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasında öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur.
Bütün Türk dünyası kimi, biz də dahi yazıçı ilə fəxr edirik. Çingiz Aytmatovun Bakıdakı abidəsi bizim birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevrildi.
Aydın Hüseynov,
Cəlilabad şəhər sakini, siyasi şərhçi