COP-29 Azərbaycanda bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Belə ki, Avropa Oyunlarınında 5 min idmançı və onları müşayiət edən 3 minə yaxın qonaq ölkəmizə gəlmişdir. COP29-da isə gözləntilər daha çoxdur. On minlərlə xarici qonağın ölkəmizə gəlməsi gözlənilir. Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi Azərbaycanın davamlı inkişaf istiqamətindəki qlobal səylərə olan sadiqliyinin daha bir ifadəsidir.
Aprelin 23-də keçirilmiş beynəlxalq tədbirdə cənab İlham Əliyev belə bir reallığı diqqətə çatdırdı ki, yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük olardı. Dünya iqtisadiyyatı və sənayesi bunun üçün hazır deyil. Əldə oluna bilinməyən hədəfdənsə, ən yaxşı yol mütənasiblik yaratmaqdır və təkamül yolu ilə getməkdir. Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağı da səsləndirilən çağırışlar sırasında oldu”.
“İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla keçsin”, – deyən Prezident eyni zamanda, bunun bizim fikirlərimizi söyləmək üçün fürsət olacağını bildirib. Azərbaycan Prezidenti İlham Əliyev forumda beynəlxalq ekspert, ABŞ-ın Azərbaycanda sabiq səfiri Metyu Brayzanın sualına cavabında bildirib: “Siz tam haqlısınız ki, bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcəklər”.
“COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum dünya dövlətlərinə bir daha nümayiş etdirdi ki, Azərbaycanın gücü bütün komponentlərin paralel və balanslı inkişafında, daxili sabitliyin təminatında, ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində, onu regional güc mərkəzinə çevirilməsindədir. Prezidentin dediyi kimi, ekoloji problemlər ölkəmizin gündəmindədir. COP29-un keçirilməsi bizə
həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq. Hər kəs xüsusilə yayda çimərliyə gedəndə dənizin hər il geri çəkildiyini görə bilər və bu, heç vaxt belə olmamışdır. Bir vaxtlar dəniz irəliyə gəlib geri çəkilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir.
Özüxan Niftiyev,
Cəlilabad şəhər bələdiyyəsinin sədri