Azərbaycan tibb elminin görkəmli nümayəndəsi

Ötən əsrin ortalarında Azərbaycanda gözü zədələyən və ağır nəticəyə,
hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı.
Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə
oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün
mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə
qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində
fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı
rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri
Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O,
“Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının
vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu
oftalmologiya mərkəzlərindən birində H.Helmqolts adına Moskva Elmi-
Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. 1977-ci ildə Zərifə
Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Doktorluq
dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru
seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə
Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının
akademiki seçilmişdir. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş
aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan
Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin
üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü
olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin
üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın
Əməkdar elm xadimi fəxri adını almışdır. 1981-ci ildə oftalmologiyanın
inkişafına verdiyi böyük töhfəyə görmə orqanının peşə patologiyası
sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya
aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.İ.Averbax adına mükafatına layiq görüldü.
Moskvada Zərifə xanım Əliyevanın çalışdığı Qelmqolts adına Elmi-
Tədqiqat Göz Xəstəlikləri İnstitutu SSRİ-nin tanınmış elm mərkəzlərindən biri
idi, orada ölkənin ən yaxşı oftalmoloqları toplaşmışdılar. Zərifə xanımın
gələcək elmi fəaliyyəti üçün buradakı elmi mühit çox əhəmiyyətli idi. Bu
mühitdə o, öz orijinal elmi yolunu tapmış və mühüm axtarışların istiqamətinə
yönəlmişdi.
Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir
insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir
Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi,
kamillik müdriklik məktəbidir. Zərifə xanım Əliyeva fundamental
“Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər
bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır.
Elçin Zeynalov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı

PAGE TOP