Tanınmış şairin sözlərinə bəstələnən mahnıya görə niyə adı çəkilmir?-Narazılıq

Tanınmış şair Ədalət Salmanın “Bəsimdi” adlı şeirinə onun icazəsi olmadan mahnı bəstələnib və efirlərdə ifa olunur. Hələ bu azmış kimi müğənnilər şeirin müəllifi olan şairin adını belə çəkmirlər.

Məcra.az-ın əməkdaşıyla söhbəti zamanı Ədalət Salman bildirib ki, bir neçə gün öncə Dünya TV-nin efirində adı çəkilən şeirə bəstələnmiş mahnının klipi təqdim olunub və mahnının sözlərinin müəllifi kimi onun adı göstərilməyib:

“Dünya TV-də Fuad Ağcabədili adlı müğənni klip təqdim edib və mahnının müəllifi anonim kimi təqdim olunub. Dünən isə ARB kanalında aparıcı Zaur Kamalın “Həmin Zaur” verilişində növbəti dəfə “Bəsimdi” şeirimə bəstlənmiş mahnını əslən Masallı rayonunda olan müğənni Miriş Hüseynov ifa edib və müəllif kimi adımı belə çəkmədi”.

Ə.Salman bu özbaşınalığa görə həmin şəxsləri məhkəməyə verə biləcəyini bildirib:

“Müəllif hüquqlarını kobud şəkildə pozduqlarına görə həmin televiziya kanallarını və ifaçıları məhkəməyə vermək hüququm var, amma böyüklük edib bu dəfə onlara xəbərdarlıq edirəm.   Ümid edirəm ki, bundan sonra həmin televiziya kanalları və ifaçılar mahnını ifa edərkən sözlərinin kimə məxsus olduğunu vurğulayacaqlar”.

Şair qeyd edib ki, həmin şeir çap olunan kitablarında da var:

 

“Həmin şerim 2003-cü ildə “Məni tənha buraxın” və 2017-ci ildə “İlahi, sən bizi sözə bağışla” kitablarımda çap olunub”-deyə müəllif bildirib.

 

Şairin adı çəkilən şeirini təqdim edirik:

 

B Ə S İ M D İ

 

O gözlərdə Günəş doğub, yazdı, yaz,

O gözlərin baxışı da nazdı naz.

O gözlərə can desəm də, azdı, az,

O gözlərin mənim olsa, bəsimdi.

 

Kiprik qırpma, qoy doyunca baxım mən,

Can evimi eşq oduna yaxım mən.

Kaş olaydım o gözlərə yaxın mən,

O gözlərin mənim olsa, bəsimdi.

 

O gözləri qibləgahım bilmişəm,

Ümid yerim, son pənahım bilmişəm.

O gözlərin səcdəsinə gəlmişəm,

O gözlərin mənim olsa, bəsimdi.

 

Gəl, çox görmə o gözləri mənə sən,

İnsafdımı, sevən qəlbə dəyəsən?

İstəyirəm, bircə kəlmə deyəsən:

Qoy gözlərim sənin olsun bəsindi?!”.

 

Məsələylə bağlı Məcra.az-a açıqlama verən müğənni Miriş Hüseynov mahnını cənub bölgəsində bir vaxt məşhur olan mərhum xanəndə Sədulla Rzayevin ifasında eşitdiyini və sonra da götürüb oxuduğunu bildirib. Müğənni məsələylə bağlı şair Ədalət Salmanla əlaqə saxlayacağını və baş verən anlaşılmazlığı aradan qaldıracağına söz verib.

 

Vasif Əlihüseyn

PAGE TOP