2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusu tərəfindən keçirilən antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də Hüseynzadə Ramazan Həmdulla oğludur.
Məcra.az-ın baş redaktoru Vasif Əlihüseyn Cəlilabad rayon Muğan kəndində şəhid Ramazan Hüseynzadənin ailəsində qonaq olub. Şəhidimizin atası, birinci Qarabağ savaşının döyüşçüsü Həmdulla Hüseynzadə Ramazanın keçdiyi döyüş yolundan danışıb:
“Muğan kəndinin mərkəzi küçəsi Ramazanın adına verildi. Bundan başqa Muğan kənd orta məktəbində sinif otaqlarından biri də Ramazanın adını daşıyır. Yaşadığımız evdə onun muzeyini yaratmışıq. İnsanlar daim bizə baş çəkirlər. Buna görə onlara təşəkkür edirəm”.
Şəhid atası oğlunu daim evdə hiss etdiyini deyib:
“Oğlum yuxuma girmir, amma mən onu evdə kölgə kimi hiss edirəm. Bilirəm ki, o, evdədi, gəzir. Amma anası tez-tez Ramazanı yuxuda görür. Bir neçə gün öncə səhər oyananda gördüm ki, anası sevinib gülür. Dedi ki, Ramazan yuxuma gəlmişdi. Biz onun döyüş yolundan hər dəfə təzə söhbətlər eşidirik. Sonuncu döyüşündə evli olan hərbçi yoldaşını geri qaytarıb və özü irəli gedib. Həmin döyüşdə də qəhrəmancasına şəhid olub”-deyə şəhid atası bildirib.
Qeyd edək ki, Hüseynzadə Ramazan Həmdulla oğlu 1 yanvar 2000-ci ildə Cəlilabad rayon Muğan kəndində anadan olub. 2023-ci ilin sentyabr ayının 19-dan 20-nə keçən gecə Azərbaycan Ordusu tərəfindən aparılan antiterror əməliyyatı zamanı Xocalı rayonunun Dəhrəz kəndində qəhrəmancasına şəhid olub.
Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı və “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni ilə təltif edilib. Şəhidimizin əmisi Hilal Hüseynov isə birinci Qarabağ savaşı zamanı itkin düşüb və ona şəhidlik statusu verilib. Qardaşı Eldəniz Hüseynzadə isə Vətən müharibəsi iştirakçısıdır. O, göstərdiyi xidmətlərinə görə “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndindən azad olunasına görə” və “Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif Əlihüseyn