Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir.
Prezident İlham Əliyevin cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatdan göründüyü kimi, deyilir ki, ölkələrimiz arasında mövqelərimiz getdikcə möhkəmlənir.
Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz.
BMT Nizamnaməsi hər bir ölkənin özünü müdafiəetmə hüququnu tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir.
Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib.
Görüş zamanı aparılmış müzakirələr bir daha göstərdi ki, bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrin mərkəzindədir. Prezidentimiz növbəti dəfə bəyan edib ki, bizim prinsiplərimiz aydındır. Əgər bu prinsiplər qəbul olunsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır.
Bir daha belə nəticə hasil olur ki, Ermənistan tezliklə sülh müqaviləsi imzalamalı və regionumuzda yeni inkişaf mərhələsi başlamalıdır. Ermənistan yalnız bu halda bölgəyə inteqrasiya edə və inkişafa qədəm qoya bilər. Gürcüstanla Azərbaycan münasibətləri bu baxımdan Ermənistan üçün örnək olmalıdır.
Fuad Əzizov -Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının
Göytəpə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsinin müavini