Martın 14-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilib. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı Forumu qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən birinə çevrilib: Prezident deyib: “Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir”.
Dövlətimizin başçısı sonuncu görüşdən sonra regionumuzda baş verən əsas geosiyasi dəyişikliyin Azərbaycanın suverenliyinin tam bərpası olduğunu bildirib. Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük” – deyə diqqətə çatdırıb.
Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdməyib. X Qlobal Bakı Forumu bir daha nümayiş etdirdi ki, bu forum hər hansı bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkil olunmasından ibarətdir.
Qlobal Bakı Forumu Azərbaycanın gücünün, inkişafının rəmzinə çevrilib. Belə ki, martın 14-də keçirilən X Qlobal Bakı Forumu “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan Forumda hazırda bütün dünyanı narahat edən, həyacanda saxlayan məsələləri müzakirə edilib. Onun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi Azərbaycanın da beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və ölkəmizi dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb. Dövlətimiz Forumun verdiyi imkanlardan milli maraqlarımızın müdafiəsi, ölkəmizin inkişafı problemlərinin həlli baxımından maksimum yararlanıb.
Dövlətimizin başçısı qeyd edib ki, dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır, geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.
Ağahüseyn Nəzərov,
“Cəlilabad-Avtovağzal” MMC-nin direktoru