SƏNSİZLİK
sənsizlik azadlıqdı
hava kimi
sənsizlik təklikdi
Allah kimi
sənsizlik ayrılıqdı
yara kimi
sənsizlik oğlumun arxamca
“ata, getmə” deməsidir.
TEST…
aramızda qoşa xətt var
baxdıqca məyus oluram
qaçıram qırıq-qırıq yerin tapmağa ki,
sənə qovuşum…
sən isə hamiləlik testindəki
qoşa xəttə baxıb sevinirsən
baxıram ki, mən yenə gecikdim.
KİNO ÇƏKİRSƏN
Eh! İndi bələnmiş xına əllərin,
Əsirdi kiminsə baş hərfinə.
Özün öz könlünlə çıxıb gedirsən,
Mənim hisslərimin bircə səhvinə.
Hələ sızıldamır o daş ürəyin,
Qoy hava qaralsın, bir gecə olsun.
Ən yaxşı günümüz toy günündüsə,
Bəs, ən pis günümüz de, necə olsun?
Bəlkə də oturub ötən günündən,
Yanıb dəqiqəsinə külün əkirsən.
Səndən yeddi oğul, qız istədilər,
Olmaya-olmaya kino çəkirsən.
BELƏ DƏ GÖZÜMDƏN DÜŞƏ BİLƏRDİN
Toyunu bayrama bənzətdim, sağ ol,
Mən elə bildim ki, qorğa yeyilir.
Qamışdan mindiyim bu atın altda,
Ayağım nə gözəl yorğa yeriyir.
Nə bildin, elədin əldən gələni,
Sanki bilirdin ki, bunlar azımdı.
Belə də gözümdən düşə bilərdin,
Bu qədər nazilmək nəyə lazımdı?
Mənim sağlığıma bir mahnı çaldır,
Çox zildən olmasın, qoy bəmə düşsün.
Alnımdan nişan al eybi yox məni,
Qoy əlin titrəyib sinəmə düşsün.
Səni oynatmağa duxum çatmadı,
Ömrümdə bircə yol mən aciz oldum.
Məni bəyənmədin, sənin gözündə,
Bilirəm nə üçün çox ucuz oldum.
SANKİ ÜRƏYİMDƏ KİRAYƏ QALDIN
Əlin niyə qalıb üzündə sənin,
Bəlkə həsrətimdən heç doymamısan.
Sanki ürəyimdə kirayə qaldın,
Divarda yazmamış yer qoymamısan.
Qayıdıb görərsən həmin qapıdı,
Aldadar, yanarsan fikirlərində.
Bəlkə də üzündən bilinməz heç nə,
Ən ağır yaralar qalar dərində.
Sənin bağışladım, ya bağışlamadım,
Neynirəm qınayım axı baxtımı.
Mənə bu yaşında nahaq qayıtdıq,
Mən axı sevirdim o qız vaxtını.
Hər şeyin bitdiyi bir gün var idi,
Çox şey yada düşür sən tək qalanda.
Deyək ürəyimin başına dəydi,
Sənin dabanında o qab sınanda.
DƏRD ELƏMƏ, ƏZİZİM
Küçədə yağış yağır,
sel götürüb hər yanı.
Yuyur günahlarını,
təmizləyir dünyanı.
Sənin də günahın var,
düzün deyim, bağışla.
İndi fürsətdi sənə,
çıx küçəyə yağışda.
Qoy saçların islansın,
gözlərinə yaş dolsun.
Ürəyinə “heyif”lər,
ürəyinə “kaş” dolsun.
Dərd eləmə, əzizim,
günahsız insan yoxdu.
İndi nə çıxdın-çıxdın,
sabaha leysan yoxdu.