Nədənsə bu dünyada ən yaxşı adamlar ən pis xəstəlikdən əziyyət çəkirlər. Son mənzilə yola salanda da özün-özünə sual verirsən ki, bu cür yaxşı adam niyə axı olmazın əzablarını çəkdi?! Sualın cavabını isə təkcə Allah bilir. Nə az, nə çox düz bir aydır ki, bu düşüncələr beynimdə dolaşır. Hər dəfə istəyirəm bu haqda yazım, ya yazmayım. Amma mövzunun ağırlığı ürəyimi sıxır. Bilirəm ki, yazandan sonra rahatlayacam.
Kənddə olanda gecə saatlarında xalamın həyat yoldaşı Familin ölüm xəbərini aldım. Doğrusu, məəttəl qaldım. Bu xəbərin adı ölüm idi. Son bir neçə ayda qohum-əqrabada təxminən beşinci adamın ölüm xəbərini alıram.
Famil “tikansız” adam idi. O, xalam Natavanla ailə quranda uşaq idim. Xalamı kəndimizdə toyda görüb qaçırmışdı. Onda müğənni Səyyad Əlizadənin “Bəyaz gecələr” mahnısının dəbdə olan vaxtlarıydı. İndi doğrusu heç Səyyad Əlizadə də bu dünyada yoxdu. Natavan xalalarımın ən deyib-güləni idi, amma ailə qurandan sonra olmazın əzablarını çəkdi. Elə nə güldü ərə gedənə qədər güldü. Ondan sonra ailə-məişət qayğıları xalama macal vermədi ki, gülsün.
Bu qədər çətinliklərə baxmayaraq əriylə xalam bir-birilərini sevirdilər. Çətinliklə ev tikib ora köçdülər. İki oğlanları və bir qızları dünyaya gəldi. Famil aşbaz idi, kənddə, rayonda bir çox xeyr işlərdə məclislər yola vermişdi.
Familin yeddi məclisindən sonra xalamgilə gedib bir az dərdləşdik və elə onda bildim ki, ərinin iki ayağı niyə amputasiya olunub.
Xalam deyir ki, “Famil evdə olanda yıxılmışdı və ayağında yara əmələ gəlmişdi və o yaranın müalicəsi zamanı öyrəndik ki, yüksək şəkəri var. Ona görə bir müddət müalicə olundu. Amma bir gün səhər tezdən oğlum Ülvi yuxudan oyanıb qışqırmağa başladı. Soruşanda dedi ki, “yuxuda gördüm ki, atamın ayaqlarını kəsiblər və bir nəfər o ayaqları əlində yelləyib mənə acıq verir”. Atasıyla Ülvini sakitləşdirdik. Aradan bir müddət keçəndən sonra Familin barmağında problem yarandı və Bakıya xəstəxanaya apardıq. Orda sol ayağı dizdən aşağı amputasiya olundu. Onda bildim ki, Ülvinin gördüyü yuxu düz çıxdı. Aradan heç iki il ötməmişdi ki, ikinci ayağı da amputasiya olundu. Yüksək şəkər onu yaşamağa qoymurdu.
Sonra Familə əlil arabası aldıq, həyətə beton verdik ki, əlil arabasıyla rahat gəzə bilsin”.
Xalam bunları danışdıqca, ağlayırdı. Bundan sonra danışdıqları isə lap dəhşətlidir. İndi öz-özümə deyirəm ki, nə yaxşı Famili elə görməmişəm. Xalam yenə mövzuya qayıdır:
“Famil ayaqları amputasiya olunandan sonra evdə, həyətdə uşaq kimi iməkləyə-iməkləyə yeriyirdi. Buna görə də əlləri qabar-qabar idi. Hər dəfə qızımla onu belə yeriyən görəndə bizi ağlamaq tuturdu. Deyirdi ki, “mənə görə ağlayırsınız?”. Deyirdim ki, yox, televizorda veriliş gedir ona görə ağlayıram…”.
Xalam çox söz danışdı, amma müəyyən səbəblərdən hamısını yazmadım. Familin meyitini evdən çıxarıb yumağa aparanda mən də yaxına gedib kömək etmək istədim, amma bacarmadım, o qışqırığın içində ağlamaq tutdu məni. Tabut həyətdən çıxanda atasının dalıyca qaçan xalam qızını qaytarmağa çalışırdım. Xalam isə yolda sonuncu dəfə dizlərini yerə qoyub qışırdı: “Faaamiiil!..”.
Famili məzara qoyanda ən çox pisimə gələn onun ayaqlarının olmamasıydı. İndi fikirləşirəm ki, ayaqları özündən qabaq getmişdi o dünyaya. İnanıram ki, Allah Familin ayaqlarını özünə qaytarar.
Ya da özü çağırıb deyər ki, “gəlin ayaqlarım, sizi geyinim, burda nə əlil arabam var, nə də protez ayaqlarım…