Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Bunlar gələcəkdə təhdid yarada biləcək amillər
Bu məsələ ətrafında Prezident İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışında ətraflı bəhs olunmuşdur. Dövlətimizin başçısı vurğulamışdır ki, İkinci Qarabağ müharibəsi yalnız Ermənistanın hərbi müstəvidə darmadağın edilməsi ilə nəticələnmədi. Azərbaycan bu qələbəsi ilə saxta erməni miflərini alt-üst etdi, dünya erməniliyinin onilliklər boyu bəşəriyyətə təqdim etdiyi stereotiplərin yalan olduğunu göstərdi. Bu baxımdan 44 günlük müharibə erməni cəmiyyətinin dirçəlişi mümkün olmayan mənəvi çöküşü kimi də yadda qaldı.
Bundan əlavə, qonşuluqdakı mürtəce siyasi qüvvələr 44 günlük müharibə dövründə Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edilən regionlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə kölgə salmağa çalışır, bununla da regionun gələcək inkişafına mane olur. Ölkəmiz artıq ermənilər tərəfindən yerlə-yeksan edilmiş ərazilərdə hava limanları inşa edir, müasir tipli yaşayış məntəqələri elektrik stansiyaları, elektrik xətləri, yollar, körpülər, tunellər, dəmir yollarının inşası sürətlə aparılır.
Azərbaycan həmçinin özünü Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin tezliklə icrasında maraqlıdır. Bu istiqamətdə müzakirələrdən boyun qaçırması, öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli razılaşmaların tələb etdiyi prosesləri ləngitməsi İrəvanın sülh prosesinə destruktiv yanaşması olacaq. Bu cür gedişat isə Ermənistan üçün yaxşı heç nə vəd etmir.
Fikrimizcə, yeni dövrün ən mühüm hissəsi bu ilki növbədənkənar Prezident seçkilərindən başlanır.. Bu vaxta kimi getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi.
Etibar Sadıqov,
Cəlilabad Dövlət Peşə
Təhsil Mərkəzinin direktoru