Azərbaycanın uğurları, onun regionda aparıcı dövlətə, əsas söz sahibinə çevrilməsi, iqtisadi qüdrətinin artması, siyasi mövqelərinin güclənməsi Avropanın bir sıra dövlətlərini çox narahat edir. Bir çox hallarda işğalçı Ermənistanı açıq-aşkar dəstəkləyən, 44 günlük Vətən müharibəsində onların məğlubiyyətini həzm edə bilməyən Fransa və Almaniya kimi ölkələrin aparıcı rolda çıxış etdiyi Avropa Şurası Parlament Assambleyasının qış yarımsessiyasının açılış günündə, yəni yanvarın 22-də AŞPA-da Azərbaycanın nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü almaniyalı deputat, Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir.
Bu, qabaqcadan planlaşdırılmış addım kimi qiymətləndirilməlidir. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verib. Qalmaqallı təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etmədi. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Hər şeydən aydın olur ki, bu təşkilat qərəzli və ünvanlı sifarişləri icra edən qurumdur. Avropa İnsan Hüquqları Məhkəməsi Qərbin 5-ci kolonunu müdafiə edir və sifarişli qərarlar çıxarır.
2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib.
2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi. Bu da səbəbsiz deyil və Azərbaycan tərəfinin burada tam haqlıdır. Çünki həmin ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA məhz “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib. Deməli, Qələbəmiz Avropanı narahat edir və AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.
Vüsal Kazımov,
Yeni Azərbaycan Partiyası Cəlilabad rayon Təşkilatı Gənclər Birliyinin sədri