Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində çox mühüm məsələlərə toxunuldu. Bu müsahibəni həm ötən illərin hesabatı, həm də yeni ildə görüləcək işlərin “yol xəritəsi” adlandırmaq olar.
1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər;
Dövlətimizin başçısı qeyd edib ki, XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir.1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb. 1970-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik. 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır, XX əsrin əvvəlinin xəritələri var. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada Zəngəzur, – şərqi, qərbi yoxdur, – bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib.
Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən (Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini nəzərdə tutulur) 86,6 min kvadratkilometrə düşdü. Ulu Öndər Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq bu torpaq hədiyyələri dayandı.
İndi bizim əsas vəzifəmiz itirilmiş torpaqlarımıza sahib çıxmaqdır. Prezidentin müsahibəsində aydın şərh edildiyi kimi, Azərbaycanın mövqeyi çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Məlum olduğu kimi bu məsələni həll etmək məqsədilə komissiya yaradılıb, komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılacaq. Biz Prezidentin bu fikrinə tərəfdarıq ki, nəticə etibarilə bütün anklavlar, işğalda kəndlər Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır, həmin yurd yerlərinə orada yaşayan insanlar yerləşdirilməlidir.
Vahid Mirzəyev,
Cəlilabad RİH-nin şöbə müdirin müavini